Virus infeksiyası zamanı ev şəraitində hansı tədbirlər görülməlidir?

Baş səhifə

Bakı. Trend:

Virus infeksiyası zamanı ilk növbədə uşağa rahat və sakit
istirahət şəraiti yaradılmalıdır.

Trend xəbər
verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”
hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı
Səbinə Cəfərova açıqlayıb.

Onun sözlərinə görə uşaq kifayət qədər yatmalı, fiziki və zehni
yüklənmədən uzaq saxlanılmalıdır:

“Otağın havası təmiz olmalı, gündə bir neçə dəfə
havalandırılmalıdır. Xəstəlik dövründə uşağın orqanizmi çox maye
itirdiyi üçün bol maye qəbulu xüsusilə vacibdir. Uşağa tez-tez, az
miqdarda su, kompot, ilıq çay və şorba verilməsi tövsiyə olunur.
Ana südü alan körpələrdə ana südü mütləq davam etdirilməlidir”.




Pediatr qeyd edib ki, yüngül və asan həzm olunan qidalar
seçilməlidir.

“Uşağı zorla yedirtmək olmaz. Yağlı, qızardılmış və ağır
yeməklərdən uzaq durmaq, ev şəraitində hazırlanmış sadə yeməklərə
üstünlük vermək məsləhətdir. Bundan əlavə, gigiyena qaydalarına
ciddi əməl olunmalıdır. Uşağın əlləri tez-tez yuyulmalı, onun şəxsi
dəsmalı və qab-qacağı ayrılmalıdır. Bu, virusun ailənin digər
üzvlərinə keçməsinin qarşısını alır. Dərmanlar yalnız həkim
məsləhəti ilə verilməlidir. Özbaşına antibiotik və digər
dərmanların istifadəsi uşağın sağlamlığı üçün təhlükəlidir və ağır
fəsadlara səbəb ola bilər”.

S.Cəfərova sonda bildirib ki, əgər uşağın qızdırması 3 gündən
artıq davam edirsə, davamlı qusma, səpki və ya həddindən artıq
halsızlıq müşahidə olunursa həkimə müraciət etmək lazımdır.