Paşinyan iş adamlarına müraciət etdi: Azərbaycandan keçən yol açıqdır!

Baş səhifə

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı biznes nümayəndələrinə müraciət edərək Azərbaycan üzərindən ixrac üçün dəmir yolu marşrutunun açıq olduğunu bəyan edib.

Modern az-ın məlumatına görə, o bildirib ki, Ermənistan biznesi bu faktı nəzərə almalı və yeni imkanları qiymətləndirməlidir.

Paşinyanın sözlərinə görə, bu məsələ ilə bağlı ən yüksək səviyyədə təminatlar mövcuddur.

Baş nazir xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev də bir gün əvvəl çıxışında Azərbaycanın tranzit və yükdaşımalarla bağlı məhdudiyyətləri aradan qaldırdığını, həmçinin Azərbaycanın artıq Ermənistana neft məhsulları ixracına başladığını açıqlayıb. Ermənistan hökumət başçısı qeyd edib ki, bu addımlar faktiki olaraq iki ölkə arasında ticarət və əməkdaşlığın başlanğıcı kimi qiymətləndirilə bilər.

O əlavə edib ki, Ermənistan yaxın günlərdə ABŞ tərəfinə “Tramp marşrutu” adlandırılan layihə üzrə saziş layihəsinə dair öz müşahidələrini təqdim edəcək. Onun sözlərinə görə, hazırda layihə üzrə texniki-iqtisadi əsaslandırma prosesi aparılır.

Paşinyan çıxışında Ermənistanın yeni atom elektrik stansiyasının inşası məsələsinə də toxunub. O bildirib ki, rəsmi İrəvan hələ də hansı model üzrə stansiya tikiləcəyinə dair yekun qərar verməyib. Xatırladaq ki, bir neçə gün əvvəl İrəvanda Paşinyan ABŞ-ın vitse-prezidenti Cey Di Vens ilə ümumi dəyəri 9 milyard dollar olan Amerika istehsalı modul reaktorları üzrə (yanacaq və servis xidmətləri daxil olmaqla) saziş imzalayıb.

Ermənistan hökumətinin başçısı vurğulayıb ki, beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir və yekun qərar ölkənin maraqlarına ən uyğun olan layihənin xeyrinə veriləcək.