
Bakı. Trend:
“Borçalı Cəmiyyəti” İctimai Birliyinin təşkilatçılığı ilə
Atatürk Mərkəzində politoloq, yazıçı-publisist, jurnalist,
Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar
Birliyinin üzvü, ictimai-siyasi xadim, polkovnik Elşad Həsənovun 70
illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Trend xəbər
verir ki, tədbirdə yazıçılar, media və ictimaiyyət nümayəndələri
iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ramiz Həsənov yubilyarın həyat
yolundan söz açıb, təhsili və yaradıcılığından qısaca məlumat
verib.
Çıxış edən Vahid Qarayazılı Elşad Həsənovu təbrik edib və onun
həyat fəaliyyətindən, uşaqlıq və gənclik illərindən söz açıb.
Yubilyarın insani keyfiyyətlərinə diqqət çəkən Vahid Qarayazılı
onun müstəqil düşüncəli, mərd, cəsarətli insan olduğunu deyib, həm
elitada, həm ictimaiyyət arasında, həm də dostlarının yanında nüfuz
sahibi olduğunu qeyd edib.
Muxtar İmanov isə çıxışında Elşad Həsənovun hər şeyi
jurnalistika hesabına qazandığına diqqət çəkib:
“Hər şey jurnalistikadan başlayır. Jurnalistikanın ən çətin
sahəsi isə məhz ictimai-siyasi jurnalistikadır. Bu sahə birbaşa
xalqın milli şüuruna təsir edir. Elşad Həsənov bu çətin işin
öhdəsindən uğurla gəlib. Bu gün Azərbaycanda, Azərbaycan ətrafında,
Qafqazda baş verən bütün prosesləri təhlil edə bilmək
potensialındadır. Bu gün tədbirin Borçalı Cəmiyyəti tərəfindən
keçirilməsi olduqca simvolik məna daşıyır. Çünki Elşad Həsənov
Borçalı ilə mənəvi bağlı nadir insanlardan biridir”, – o qeyd
edib.
Diplomat Həsən Həsənov isə çıxışında Birinci Qarabağ hadisələri
zamanı baş verən proseslər fonunda Elşad Həsənovun fəaliyyətindən
bəhs edib:
“Həmin vaxt Elşad Qazaxda Dövlət Təhlükəsizlik Orqanlarında
çalışırdı. O vaxt ermənilərlə danışıq aparmaq lazım idi. Elşad
namizəd oldu. Getdilər. Qayıdanda özü demədi, amma orada olanlar
maraqlı bir əhvalat danışdı. Bizim nümayəndə heyəti ermənilərlə
danışıq apararkən binaya silahlı ermənilər daxil olub və içəridə
hərbçi olduğunu bildiriblər. Deyiblər ki, onu bizə təhvil
verməsəniz, hamını əsir götürəcəyik. Hamı özünü itirib, Elşaddan
başqa. Onun silahı var idi. Ayağa durub deyib ki, təslim
olmayacağam, vuruşaq, mən bu riskə hazıram. Ermənilər müraciət
edib, rus əsgərləri gəlib, silahlı erməniləri götürüb aparıblar.
Yəni, o, cəsarətli insandır”.
Həsən Həsənov Elşad Həsənovun siyasi politoloq və jurnalist kimi
xüsusi bir iz qoyduğunu da qeyd edib.
Professor Nizami Cəfərov da çıxışında Elşad Həsənovun həyat və
yaradıcılığından, insani keyfiyyətlərindən söz açıb. Onun jurnalist
kimi, mütəxəssis kimi, eyni zamanda el-obaya bağlı insan olaraq
ictimaiyyət arasında etibar qazandığını vurğulayıb.
Şair, tərcüməçi, publisist, ictimai xadim, professor, Estoniya
prezidentinin şəxsi tərcüməçisi Xəqani Qayıblı da təbrik çıxışında
qeyd edib ki, siyasi şərhçi olmaq üçün dilin səlistliyi və cəsarət
önəmlidir və yubilyarda bu keyfiyyətlərin hamısı toplanıb.
Tədbirdə ədəbi tənqidçi Əsəd Cahangir, hüquqşünas Aslan
İsmayılov, İrəvan Dövlət Azərbaycan Dram Teatrının keçmiş direktoru
İftixar Piriyev, Elşad Həsənovun həyat yoldaşı alim Sevil Həsənova,
Elşad Həsənovun qardaşı, iş adamı Musa Həsənov və digərləri çıxış
edib, Elşad Həsənovun insani keyfiyyətlərindən, yaradıcılıq
fəaliyyətindən söz açıb, ona həsr etdikləri şeirləri səsləndirib,
yetmiş illik yubileyi münasibətilə təbrik ediblər.
Sonda söz Elşad Həsənova verilib. O, çıxışında tədbir
iştirakçılarına təbriklər və iştirak üçün təşəkkür edib:
“Biz fəxr edirik ki, Azərbaycan dünyada qlobal səviyyədə təmsil
olunur. Azərbaycan artıq Amerika arenasına çıxır. Bu, bizim gələcək
nəsil üçün böyük stimuldur. Bu tədbirin təşkili üçün “Borçalı
Cəmiyyəti”nə təşəkkür edirəm”.
Tədbirin sonunda Elşad Həsənova “Borçalı Cəmiyyəti” İctimai
Birliyinin “El adamı” mükafatı təqdim edilib.
Qeyd edək ki, Elşad Həsənov 12 fevral 1956-cı ildə qədim
Qarayazıda, indiki Gürcüstanın Qardabani rayonunun Kosalı kəndində
dünyaya göz açıb. Orta təhsilini doğma kəndindəki məktəbdə alıb.
1979-cu ildə Bakı Dövlət Universitetini bitirib. Uzun müddət keçmiş
Milli Təhlükəsizlik Nazirliyində məsul və yüksək vəzifələrdə
çalışıb. 2011-ci ildə polkovnik rütbəsi alıb. Azərbaycan Yazıçılar
Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Qarabağ
müharibəsi veteranıdır. Bir çox kitabların müəllifi olan Elşad
Həsənov hazırda politoloq və təhlükəsizlik eksperti kimi fəaliyyət
göstərir.

