
Gürcüstan sanksiya rejimi ilə bağlı bütün qaydalara ciddi şəkildə əməl edir.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqının Kulevi limanına qarşı sanksiyaların tətbiqi ilə bağlı təklifini şərh edərkən deyib.
O, Kulevi limanının Gürcüstan üçün strateji əhəmiyyətə malik olduğunu bildirib: “Biz bu məsələ ilə bağlı Avropa İttifaqı ilə əməkdaşlığa tamamilə açığıq. Konkret məsələlərə gəlincə, biz suallar yaranacağı halda onları cavablandırmağa, Avropa İttifaqı nümayəndələri ilə faktlara əsaslanan müzakirələr və məlumat mübadiləsi aparmağa hazırıq”.
Qeyd edək ki, Aİ Rusiya nefti ilə əməliyyatlara görə Gürcüstanın Kulevi və İndoneziyanın Karimun limanlarına qarşı sanksiyaların tətbiqini təklif edib. Təklifin dəstəklənəcəyi təqdirdə, Avropa şirkətlərinə və fərdi şəxslərə sözügedən iki limanla əməliyyatların həyata keçirilməsi qadağan olunacaq.


