Baş prokurorun araşdırdığı “Sabunçu” bandası: TAPILAN CƏSƏDLƏR

Baş səhifə

Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində istintaqı aparılmış cinayət işinin materiallarına əsasən, “Sabunçu” şərti adlı mütəşəkkil dəstə 1993-99-cu illərdə fəaliyyət göstərib. Banda 3 qrupdan, ümumilikdə 61 nəfərdən ibarət olub. Qruplardan biri nəqliyyat vasitələrini qaçırıb ehtiyat hissələrini satmaqla, ikincisi ev və ticarət obyektlərindən oğurluq etməklə, üçüncüsü evlərə, valyuta-mübadilə məntəqələrinə basqın edib qətllər törətməklə məşğul olub.

Modern.az xəbər verir ki, hadisələr Sabunçu, Suraxanı, Əzizbəyov, Binəqədi, Xətai, Yasamal, Nərimanov və Abşeron rayonlarında törədilib. 1999-cu ilin oktyabr ayında 15-ci polis bölməsinin əməkdaşları həmin dəstənin izinə düşüblər. 2015-ci ilin sentyabr ayında vəfat edən polis general-mayoru Rasim Musayev o zaman həmin bölmənin rəisi olub. Daha sonra bandanın zərərsizləşdirilməsinə demək olar ki, Bakının əksər polis idarələrinin əməkdaşları cəlb olunub. İstintaq-əməliyyat qrupları yaradılıb. Amansız cinayətlər törətmiş, İlham Əzizov və Eldar Məmmədovun rəhbərlik etdiyi üçüncü qrupun istintaqını o zaman Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin mühüm işlər üzə baş müstəntiqi, hazırda isə Respublikanın Baş prokuroru Kamran Əliyev aparıb. Dəstə üzvlərinin ifadələri əsasında, Balaxanı və Bilgəh qəsəbələrində öldürülüb basdırılan insanların cəsədləri aşkar edilib.

2000-ci il oktyabrın 6-da Ağır Cinayətlərə dair işlər üzrə Məhkəmənin hökmü ilə İlham Əzizov və İsmayıl Məmmədov ömürlük, Eldar Məmmədov, Fuad Muradov, Elxan Nəzərov, İlqar Səmədov, İdris Kərimov 15 il, Dəyanət Məmmədov 14 il müddətinə azadlıqdan məhrum məhrum olunublar.

İnterpol tərəfindən barəsində axtarış elan olunmuş Bakı şəhər sakini 1965-ci il təvəllüdlü Xalid Tağıyev 25 ildən sonra saxlanılıb. DSX İstintaq İdarəsində başlanılmış cinayət işinin istintaqı zamanı məlum olub ki, o, Ukrayna Respublikasında özünün fotoşəkili, lakin qardaşı Yusif Tağıyevin anket məlumatları olan saxtalaşdırılmış Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsini naməlum şəxsdən əldə edib. Saxta sənəddən istifadə edərək 2025-ci il yanvarın 29-da Moldova Respublikasından Kişinyov-Bakı aviareysi ilə Azərbaycana gəlib. Qayıdış Şəhadətnaməsini Heydər Əliyev adına Beynəlxalq Hava Limanında sərhəd nəzarətinə təqdim edərkən, əməkdaşlar tərəfindən saxlanılıb.

DİN Baş Əməliyyat Statistik İnformasiya idarəsindən verilmiş tələbnamədən görünüb ki, Xalid Tağıyevin barəsində əməliyyat-sorğu kartotekasında hər hansı məlumat aşkar edilməyib. Bundan sonra, o Sabunçu RPİ-nin əməkdaşlarına təhvil verilib və fevralın 12-də Tağıyevin saxlanılması haqda rəsmi məlumat yayılıb.

İstintaqla müəyyən edilib ki, 1995-99-cu illərdə Xalid Tağıyev tanışları İlham Əzizov, İsmayıl Məmmədov, Dəyanət Məmmədov, İdris Kərimov, İlqar Səmədov, Eldar Məmmədov, Fuad Muradov və Elxan Nəzərovla birlikdə mütəşəkkil silahlı dəstənin tərkibində törədilən basqınlarda və qətllərdə iştirak edib.

Onlar 1998-ci il sentyabrın 2-ı gecə saat 2 radələrində vətəndaş Məmməd Hacıyevin yaşadığı Suraxanı rayonun Əmircan qəsəbəsi, Musabəyov küçəsi, 14 ünvanında yerləşən fərdi evin qarşısına gəliblər. Tanınmamaları üçün başlarına qadın corabları keçirərək hasardan aşıb həyətə keçdikdən sonra Arif Quliyev, İlham Əziziov, Xalid Tağıyev evin damına çıxıb telefon xəttini kəsiblər və mətbəxin pəncərəsindən evə daxil olublar. Səs-küyə yataq otağından mətbəxə gələn Məmməd Hacıyevi Arif Quliyev yumruq zərbəsi ilə yerə yıxıb. Sonra birlikdə, əllərini və ayaqlarını iplə bağlayaraq pul və qızıl əşyaları verməsini tələb ediblər. Ayaqlarını siqaretlə yandırıblar, yumruqla, habelə bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu öldürüblər.

Bundan başqa, Arif Quliyevin əvvəllər törətdiyi başqa cinayət əməllərinə görə axtarışda olmasını bilən banda üzvləri, onu öldürmək qərarına gəliblər. Tutulacağı təqdirdə, bandanın ifşa olunmasından ehtiyat ediblər. Göstərişi İlham Əzizov və İsmayıl Məmmədov veriblər, cinayətin törədilməsinə Fuad Muradovu və Elxan Nəzərovu da cəlb ediblər.

Sentyabrın axırlarında Arif Quliyevi  aldadaraq “Əzizbəyov” (Koroğlu) metrostansiyasının yanına çağırıblar. İsmayıl Məmmədovun idarə etdiyi “VAZ- 21099” markalı avtomobillə Sabunçu rayonun Bilgəh qəsəbəsinə aparıblar. Cavanşir adlı şəxsə məxsus 332 saylı evdə yeyib-içəndən sonra, İlham Cavanşirin qızına sataşdığına görə Ariflə məsələni aydınlaşdırmağa başlayıb. Arif heç kimə sataşmadığını bildirsə də, onu döyərək qətlə yetiriblər. Sonra izi itirmək məqsədilə hasarın dibində 2 metr dərinliyində quyu qazaraq, meyiti orda basdırıblar. Təxminən 1 ildən sonra, dəstə üzvlərinin ifadələri əsasında, 1999-cu il oktyabrın 20-də həmin quyudan insan skeleti aşkar edilib.

Bundan başqa, “Muğan” kommersiya bankının nəzdində fəaliyyət göstərən Binəqədi rayonu, 6-cı mikrorayon, Svetlana Məmmədova küçəsi, 207 ünvanında yerləşən 7 nömrəli valyuta mübadilə məntəqəsinin dileri vəzifəsində işləyən Zahid Vəliyevə basqın etməyi planlaşdııblar. İlham Əzizov və İsmayıl Məmmədov, İlqar Səmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə izləyib, onun yaşadığı ünvanı, hərəkət marşrutunu müəyyən ediblər. 1999-cu il sentyabrın 11-də Eldar Məmmədovun yaşadığı evdə yığışıb məsləhətləşəndən sonra saat 21 radələrində valyuta mübadilə məntəqəsinin qarşısında gedib Zahid Vəliyevin məntəqəni bağladığını görüblər. Buna görə, zərərçəkmişin yaşadığı ünvana yollanıblar.

7-ci mikrorayondakı 14 nömrəli binanın yanına çatandan sonra, İlqar Səmədov avtomobilini evin arxasında saxlayaraq maşında oturub, Xalid Tağıyevlə İsmayıl Məmmədov üzərlərində “Naqan”  və “Makarov” markalı tapançalarla binanın girişində, İlham Əzizov və Ceyhun Həsənov isə bir az aralıdada dayanıblar. Saat 22 radələrində məhəlləyə gələn Zahid Vəliyev idarə etdiyi avtomobilini dayanacaqda saxlayıb 5-ci bloka daxil olan kimi, ona basqın ediblər. İsmayıl Məmmədov yaxın məsafədən Zahid Vəliyevin üzünə və çiyninə 2 dəfə atəş açıb. Əlindən yerə düşən torbanı götürərək hadisə yerindən qaçıblar. Dəstə üzvləri Eldar Məmmədovun yaşadığı evə gələrək, əldə olunan pul vəsaitini aralarında bölüblər. Hər birinə təxminən 350 dollar pul düşüb. Bu hərəkətləri ilə, onlar zərərçəkmişi tamah məqsədi ilə qəsdən öldürüblər.

Məhkəmə iclasında Xalid Tağıyev bildirib ki, 1999-cu ilin sentyabr-oktyabr aylarında polis əməkdaşlarının onların izinə düşdüklərini eşitdiyindən, qardaşı Yusifin pasportu ilə Bakı-Kiyev sərnişin qatarı ilə “Yalama” sərhəd nəzarət məntəqəsindən dövlət sərhədini keçməklə Ukrayna Respublikasına gedib. Həmin vaxtdan orda yaşayıb və Azərbaycana qayıtmayıb.

Zərərçəkmiş şəxsin hüquqi varisi Vahid Vəliyev ifadəsində göstərib ki, 1999-cu il sentyabrın 11-də qardaşı Zahid işdən qayıdarkən, binanın blokunda naməlum şəxslərin hücumuna məruz qalıb:

“Həyətdə olan polis əməkdaşları Zahidin Məlikov adına xəstəxanaya aparıldığını bildiriblər. Ora çatanda qardaşımın öldüyünü bildim. Meyitin müayinəsi zamanı Zahidin şalvarının sağ arxa çibindən götürülən 2000 dollar, barmağında olan üzük və qolunda olan saat mənə təhvil verildi. Təxminən 1 aydan sonra silahlı basqın edən şəxslərin polis tərəfindən tutulması mənə məlum olub. 25 il əvvəl keçirilmiş məhkəmə iclaslarında zərərçəkmiş şəxsin hüquqi varisi qismində iştirak etmişəm”.

Zərərçəkmiş şəxsin hüquqi varisi Fəxrəddin Hacıyevin ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünüb ki, 1998-ci il sentyabrın 2-də qonşularının məlumatı əsasında valideynlərinin yaşadığı Əmircan qəsəbəsinə gəlib:

“Atam Məmməd Hacıyevin naməlum şəxslər tərəfindən öldürülməsini, anam Saraxanım Hacıyevanın əlində və qulaqlarında olan 240 dollar məbləğində üzük və sırğaların cinayətkarlar tərəfindən götürülməsini bildim”.

Zərərçəkmiş şəxsin hüquqi varisi Mehman Quliyevin istintaqda verdiyi ifadəsindən görünüb ki, qardaşı Arif Quliyev 1956-cı ildə Bakı şəhərində anadan olub:

“Əmircan qəsəbəsində, Vaqif küçəsi, 25 ünvanında yaşayırdıq. Son illər ərzində Arif axtarışda olduğu üçün evdə qalmırdı. Yalnız 4-5 aydan bir zəng edərək ailə üzvləri ilə danışırdı. Axırıncı dəfə 98-ci ildə, sentyabr ayının 10-da evə 1-2 saatlıq gəlib getdi”.

Çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxsə 15 il cəza təyin edilməsini istəyib. Son söz söyləyən Xalid Tağıyev peşman olduğunu bildirib.

Məhkəmə hesab edib ki, Xalid Tağıyevə 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsiin 94-cü maddəsinin 1, 6, 7, 8-ci bəndləri ( başqa cinayəti gizlətmə məqsədi ilə, xüsusi amansızlıqla, tamah məqsədi ilə, təkrar, iki və ya daha çox şəxsi qəsdən öldürmə), hazırda qüvvədə olan 29,318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan keçməyə hazırlıq) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xalid Tağıyev 15 il müddətinə azadlıqdan məhrum olunub.