Bakı. Trend:
Suriyanın bir neçə şimal-qərb bölgəsində, o cümlədən Latakiya,
İdlib və Hama əyalətlərində intensiv yağıntılar sel və daşqınlara
yol açıb.
Trend-in “SANA”ya
istinadən verdiyi məlumata görə, baş verən hadisə nəticəsində yerli
humanitar qurumun bir könüllüsü və iki azyaşlı daxil olmaqla üç
nəfər həyatını itirib.
Məlumatda qeyd olunur ki, Suriya Qızıl Aypara Cəmiyyətinin
könüllüsü Latakiya əyalətinin kənd ərazilərində xilasetmə
əməliyyatları zamanı həlak olub, daha dörd nəfər isə müxtəlif
dərəcəli xəsarətlər alıb.
Bundan əvvəl Latakiyanın şimalında yerləşən Ayn-İssa bölgəsində
iki uşağın daşqınlar nəticəsində öldüyü açıqlanıb. Hadisə ilə
əlaqədar olaraq onlarla ailə təhlükəsiz ərazilərə köçürülüb.

