Bitkoini nə gözləyir? –

Baş səhifə

Dünyanın aparıcı kriptovalyutası olan bitkoinin qiyməti son zamanlar xeyli aşağı düşüb. Maraqlıdır, bu vəziyyət davam edəcək, yoxsa bitkoinin yenidən bahalaşması gözlənilir?

Kriptovalyuta investoru Murad Cəfərli Metbuat.az-a açıqlamasında bildirib ki, bitkoin tarixi rekord qiymətindən təxminən 50% dəyər itirib. Onun sözlərinə görə, bunun bir neçə səbəbi var:

“İlk növbədə geosiyasi gərginlik artıb. Venesuela və İran ətrafında baş verən münaqişələr, Avropa ölkələrinin hərbi xərcləri artırması investorları qorxudub və onları daha risksiz yatırımlara yönəldib. Məsələn, qızıl, ABŞ istiqrazları və s. 2025-ci ildə Bitkoin ETF-lərinə böyük məbləğdə vəsait daxil olmuşdu, hazırda isə çıxışlar müşahidə olunur. İnvestorlar qazanclarını realizasiya edir. Tramp yeni FED rəhbəri kimi Kevin Varşı təqdim edib. Hələ vəzifəyə başlamasa da, Kevin Varş faiz dərəcələrinin yüksək saxlanılmasını və dolların güclənməsini dəstəkləyən mövqeyi ilə tanınır. Bu da investorların bitkoini satmasına səbəb olur”.

M.Cəfərli Trampın prezidentliyə namizəd olduğu dövrdə kriptovalyutalarla bağlı verdiyi vədləri, onun kripto-dostu siyasət yürüdəcəyini də yada salıb:

“Həmin dövrdə bu, bazarda böyük həyəcan yaratmışdı. Lakin hazırda tənzimləmələrdə ciddi dəyişikliklər yoxdur və bu da həyəcanın soyumasına səbəb olub. Bundan əlavə, 10 oktyabr gecəsindən sonra kripto bazarına inam ciddi şəkildə sarsıldı. Bir gecədə 80 faizə qədər enişlər yaşandı və hazırda, demək olar ki, bazarda alıcı qalmayıb. İnam itib”.

İnvestorun sözlərinə görə, son 4 ildə bitkoin 20 min dollardan 126 min dollara qədər yüksəlib:

“Bu qədər sürətli enişin yaşanması gözlənilən idi. Çünki bazar aşırı alım nöqtəsində idi, investorlar isə həddindən artıq acgöz davranırdı. Hazırda ən aşağı qiymətin 45–49 min dollar aralığında olacağı ehtimal edilir, amma mən bunu gözləmirəm və qiymətinə baxmadan bitkoin almağa davam edəcəyəm. Çünki mövcud ABŞ dövlət borcunun, yeni FED rəhbərinə baxmayaraq, gələcəkdə dolların ucuzlaşmasına səbəb olacağına inanıram. Dövlət borcu 38 trilyon dollara çatıb və bu artıq ödənilə biləcək həddi keçib. Zamanla bitkoinin yeni rekordlar qıracağını və önümüzdəki 4 ildə qiymətinin 250 min dollara qədər yüksələcəyini düşünürəm. Bununla belə, bazar çox manipulyativdir və investisiya etməzdən əvvəl hər kəsin öz araşdırmasını aparması mütləqdir”.

Sevinc İbrahimzadə / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.