İngiltərədə Azərbaycanın rəqəmsal iqtisadiyyatından danışıldı

Baş səhifə

Azərbaycanlı iqtisadçı alim Firdovsi Fikrətzadə İngiltərənin Nottingham Universitetindən “qonaq tədqiqatçı” qismində aldığı dəvət əsasında ötən ilin dekabr ayından etibarən bu ali məktəbdə Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı mövzusunda araşdırma aparır.

Modern.az xəbər verir ki, alim sosial şəbəkə hesabında paylaşdığı məlumata görə, fevralın 5-də tədqiqatın ilkin nəticələri əsasında uğurlu təqdimatla çıxış edib.

F. Fikrətzadə bildirir ki, dünya universitetləri reytinqində ilk yüzlükdə yer alan və Böyük Britaniyada ən güclü 20 universitetdən biri hesab edilən Nottingham Universitetinin tədqiqat mərkəzlərindən birində — Global Centre for Banking and Financial Innovation (GCBFI) — Universitetin alimləri ilə birgə həyata keçirilən tədqiqatın əsas mövzusu Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı və bu çərçivədə kənd təsərrüfatı maliyyəsi sistemində fintex həllərinin tətbiqidir. Tədqiqat “Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı: siyasət təşəbbüsləri, nailiyyətlər və kənd təsərrüfatı maliyyəsi üzrə çağırışlar” adlanır.

Təqdimatın birinci hissəsində Azərbaycan haqqında qısa məlumat verildikdən sonra ölkədə rəqəmsal iqtisadiyyatın və elektron hökumətin inkişafı ilə bağlı mövcud siyasət və strategiya sənədlərinin icmalı təqdim olunub. Daha sonra bu siyasətin nəticələrini əks etdirən nailiyyətlər makro səviyyədə üç əsas istiqamət üzrə qruplaşdırılıb.

Birinci istiqamət üzrə elektron hökumət infrastrukturunun inkişafı, rəqəmsal həllərin geniş tətbiqi, ASAN xidmət modeli, 945 dövlət xidmətinin elektronlaşdırılması, xidmətlərin çevikliyi, şəffaflığı və vətəndaş məmnunluğu ilə bağlı göstəricilər təqdim edilib.

İkinci istiqamət ölkədə İKT infrastrukturunun inkişafı ilə bağlı əsas indikatorları əhatə edib. Qeyd olunub ki, ev təsərrüfatlarının 90 faizdən çoxunun internetə çıxışı var, təqribən 80 faizində kompüter, 95 faizində isə mobil telefon mövcuddur ki, bu göstəricilər dünya üzrə orta səviyyə ilə müqayisədə qənaətbəxş hesab olunur.

Üçüncü istiqamət üzrə isə rəqəmsal ödəniş infrastrukturu hesabına 2018–2025-ci illər ərzində bank hesablarının, bank kartlarının sayında, kart əməliyyatlarının həcmi və sayında, eləcə də elektron bank əməliyyatları və nağdsız ödənişlərin göstəricilərində dəfələrlə artım müşahidə olunduğu vurğulanıb.

F. Fikrətzadə qeyd edir ki, Universitetdə aparılan tədqiqatın əsas diqqət mərkəzi kənd təsərrüfatı maliyyəsi sistemində müasir maliyyə alətlərinin, xüsusilə fintexlərin tətbiqidir. Bu çərçivədə təqdimatda üç əsas nailiyyət və bir mühüm çağırış önə çəkilib.

Əsas nailiyyətlər kimi göstərilib ki, hazırda I) aqrar sahədə subsidiya siyasəti tam şəkildə e-agro (EKTİS) platforması üzərindən həyata keçirilir; II) fermerlərə subsidiya ödənişləri bank (fermer) kartları vasitəsilə icra olunur; III) fermerlər subsidiyanın yalnız 25 faizini nağdlaşdıra bilir, qalan 75 faiz vəsait isə elektron ticarət platforması üzərindən gübrə, pestisid, toxum və digər vasitələrin alınmasına yönəldilir.

Bununla yanaşı, kənd təsərrüfatı sahəsinin vergidən azad edilməsi kimi müsbət təcrübənin mövcudluğu bu sahədə şəffaf uçotun və qeydiyyatın təmin olunmasında, eləcə də vergi inzibatçılığı baxımından müəyyən çətinliklər yaradır. Belə ki, fermerlərin vergi bəyannaməsi və satış sənədləşməsi öhdəliyinin olmaması I) tədarükçülərin alış xərclərini rəsmiləşdirməsində; II) vergi inzibatçılığının tətbiqində və vergi yığımlarında; III) fermerlərin kredit reytinqi üçün vacib olan maliyyə tarixçəsinin formalaşmasında problemlərə səbəb olur.

{gallery}