Ukraynada etirazla qarşılanan 14 yaşda evlənmək icazəsi qanun layihəsindən çıxarıldı

Baş səhifə

Bakı. Trend:

Ukraynada təklif edilən və bir neçə gün əvvəl müzakirəyə
çıxarılan, 14 yaşdan etibarən nikaha icazə verilməsini nəzərdə
tutan norma “Nikah hüququ” adlı Mülki Məcəllə maddəsinə dair qanun
layihəsindən çıxarılacaq.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə qanun layihəsinin
təşəbbüskarlarından biri olan Ali Radanın spikeri Ruslan Stefançuk
sosial şəbəkə hesablarında paylaşım edib.

Parlament spikeri qeyd edib ki, sosial şəbəkələrdə qanun
layihəsinin maddələrindən birinin guya nikah yaşının 14-ə
endirilməsi ilə bağlı olduğu barədə tənqidlər yayılır.




O vurğulayıb ki, qanun layihəsi nikah yaşının azaldılmasını
deyil, 14 yaşına çatmış şəxsin hamilə qalması və ya uşağının
doğulması halında nikahın yalnız məhkəmə qərarı ilə mümkün olmasını
nəzərdə tutur.

Onun sözlərinə görə, bu norma erkən nikaha təşviq etmir, sadəcə
yeni doğulmuş uşağın atalı-analı ailədə böyüməsi üçün imkan
yaratmağa yönəlib.

“Bununla belə, işçi qrup görür ki, cəmiyyət bu normanı birmənalı
qarşılamır. Buna görə də biz müzakirələrin yekununa əsasən qərar
qəbul etdik… Layihədə belə bir norma olmayacaq”, – Stefançuk
bildirib.