“Zayed İnsan Qardaşlığı Mükafatı” Prezident İlham Əliyevin sülh siyasətinə verilən yüksək qlobal qiymətdir

Baş səhifə

Bakı. Trend:

Başa çatmaqda olan həftənin Azərbaycan üçün əsas siyasi hadisəsi
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində Prezident
İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim edilməsi
oldu. Dövlətimizin başçısı bu mükafata Azərbaycan və Ermənistan
arasında sülhün əldə edilməsi ilə bağlı göstərdiyi səylərə görə
layiq görüldü.

Birləşmiş Ərəb Əmirliklərinin banisi Şeyx Zayedin şərəfinə təsis
olunmuş mükafat dünyada sülh, həmrəylik və dinc yanaşı yaşama
prinsiplərini təşviq edən şəxslərə və qurumlara verilən nüfuzlu
beynəlxalq təltifdir. Müsəlman Ağsaqqalları Şurasının sədri,
Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib
və mərhum Roma Papası Fransisk tərəfindən imzalanmış sənəd əsasında
təsis olunması bu mükafatın qlobal mötəbərliliyini nümayiş etdirir.
Prezident İlham Əliyevin dünyanın ən prestijli humanitar və sülh
yönümlü təltiflərindən olan “Zayed İnsan Qardaşlığı Mükafatı”na
layiq görülməsi isə dövlətimizin başçısının 30 illik münaqişəni
sülh yolu ilə başa çatdırmasına, Cənubi Qafqazda davamlı sülh və
sabitlik yaratmaq uğrunda göstərdiyi səylərə verilən ən ali
dəyərdir.

Çağdaş dünyamızın İkinci Dünya müharibəsindən sonrakı tarixinə
nəzər salsaq, müharibələrin sülhlə başa çatdığını və barışın əldə
olunduğunu təsdiq edən bir fakt belə göstərə bilmərik. Bu dövrdə
meydana çıxan savaşlar ya dövlətlərin parçalanması ilə nəticələnib,
ya da bir sıra dövlətlər hələ də müharibə vəziyyətində qalmaqdadır.
Cənubi Qafqaz da dünyada uzun illər müharibə zonası kimi tanındı.
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi
müasir dünyanın ən böyük ədalətsizliklərindən biri idi. Beynəlxalq
hüququn normaları Azərbaycanın tərəfində olsa da, ayrı-ayrı
təşkilatlar və Qarabağ münaqişəsinin həlli ilə “məşğul olan”
vasitəçilər obyektiv olmadılar. Nəinki obyektiv olmadılar, dolayı
yolla işğala rəvac verdilər. Lakin Azərbaycan haqlı və prinsipial
mövqeyindən bir addım belə geri çəkilmədi. Dövlət başçısı İlham
Əliyevin qətiyyətli və uzaqgörən siyasətinin nəticəsində 2020-ci
ildə 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatlarında
torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz bərpa
olundu.

Prezident İlham Əliyev torpaqlarımızın işğaldan azad olunmasını
təmin etməklə yanaşı, həm də bu gün Azərbaycanla Ermənistan
arasında sürətlə inkişaf etdirilən sülh prosesinin müəllifidir.
Xüsusilə qeyd edilməlidir ki, 2025-ci ilin avqustun 8-də
Vaşinqtonda əldə olunan razılaşmalar dövlətimizin başçısının
təşəbbüsləri ilə başlanan sülh prosesində tamamilə yeni mərhələnin
təməlini qoyub. Hadisələrin gedişatı göstərir ki, Prezident İlham
Əliyev prinsipial mövqeyi və siyasi iradəsi ilə regionda sülhü
təmin edir. Bu baxımdan, dövlətimizin başçısına təqdim olunan ali
mükafat onun liderlik keyfiyyətlərinin, diplomatik məharətinin və
sülhə nail olmaq üçün göstərdiyi misilsiz qətiyyətin dünya
miqyasında tanınması və yüksək dəyərləndirilməsi deməkdir. Bu
təltif Prezident İlham Əliyevin qlobal lider statusunu daha da
möhkəmləndirməklə yanaşı, Azərbaycanın sülhsevər, dialoqa meyilli
və mənəvi dəyərlərə sadiq dövlət imicini də gücləndirir.

Eyni zamanda, Prezident İlham Əliyevin müəllifi olduğu sülh
prosesi dünyada nümunəyə çevrilir. Bu model onilliklər boyu həlli
qeyri-mümkün görünən münaqişələrin belə qətiyyətli liderlik və
ədalətli prinsiplər əsasında nizamlana biləcəyini sübut edir.
Fevralın 4-də Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı
Mükafatı”nın təqdimolunma mərasimində çıxışında Prezident İlham
Əliyev bu barədə deyib:

“Mən hesab edirəm ki, bizim nümunəmiz öyrənilməli və hələ də
müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə
edilməlidir. Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə,
əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür.
Hər iki tərəfdən güclü siyasi iradə mövcud olduğu və həmin proses
dost ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyi
halda, sülh mümkündür”.

Prezident İlham Əliyevin bu sözləri Azərbaycanın təklif etdiyi
sülh gündəliyinin sadəcə regional deyil, həm də universal bir
düstur olduğunu ortaya qoyur. Münaqişə tərəflərinin keçmişin ağır
yükündən azad olaraq gələcəyə baxmaq cəsarəti sülhün ən mühüm
şərtidir. Azərbaycan bu iradəni həm döyüş meydanında, həm də
diplomatik masada nümayiş etdirir.

Bütövlükdə, Azərbaycan Prezidentinin sülh strategiyası nümunəvi
barış modelinə çevrilərək, digər münaqişə ocaqları üçün effektiv
bir yol xəritəsi funksiyasını daşıyır. Bu isə onu təsdiq edir ki,
Azərbaycan artıq dünyada təkcə enerji resursları ilə deyil, həm də
qlobal təhlükəsizlik arxitekturasına verdiyi intellektual və
praktiki töhfələrlə sülhün ixracatçısı olan dövlət kimi
tanınır.

Bir məsələni də qeyd etməliyik ki, Azərbaycanın Vətən
müharibəsindən sonrakı yeni siyasi-diplomatik zəfərləri,
dövlətimizin başçısının sülh təşəbbüslərinin reallığa çevrilməsi,
bu təşəbbüslərin Vaşinqton razılaşmalarının və “Zayed İnsan
Qardaşlığı Mükafatı”nın timsalında qlobal səviyyədə dəstək
qazanması özünü müxalifətçi hesab edən, lakin müxalifətçilik
anlayışından tamamilə uzaq olan, Azərbaycan cəmiyyəti tərəfindən
qəbul edilməyən antimilli ünsürlərin kürkünə birə salıb. Çünki
Prezident İlham Əliyevin dünyada həm də sülh qurucusu kimi
tanınması illərdir müxtəlif riyakar və həqiqətə uyğun olmayan
ssenarilər üzərindən siyasi dividend qazanmaq istəyən Əli Kərimli,
Cəmil Həsənli kimi siyasi qaragüruhçuların antiazərbaycançı siyasi
mərkəzlərin təlimatları ilə ölkəmizə qarşı həyata keçirdikləri
xəyanətakar fəaliyyəti darmadağın edir. Onlar üçün Azərbaycanın
sülh təşəbbüslərinin nümunə kimi göstərilməsi məğlubiyyətin və
mənəvi iflasın növbəti mərhələsidir. Ona görə mənəvi baxımdan
tükənmiş, milli hissini və simasını itirmiş bu riyakar qruplaşmanın
üzvləri Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı
Mükafatı”nın verilməsini heç cür qəbul edə bilmir, sosial şəbəkələr
üzərindən öz mənəvi miskinliklərini nümayiş etdirirlər.

Prezident İlham Əliyevin dünyanın ən nüfuzlu siyasi və mənəvi
mərkəzlərinin dəstəklədiyi bir mükafatla təltif olunmasını qəbul
edə bilməmək Azərbaycanın dövlətçilik maraqlarının və beynəlxalq
nüfuzunun hədəfə alınmasıdır. Bu isə sapı özümüzdən olan sözügedən
marginal qruplaşmanın təmsilçilərinin dövlətçilik anlayışından və
dəyərlərindən nə qədər uzaq olduqlarını, onların siyasi
kimliklərinin, dünyaya baxışlarının tamamilə deqradasiyaya
uğradığını bir daha təsdiq edir.

Dövlətimizin uğurlarından məyus olan, qələbələrimizə kölgə
salmağa çalışan bu ünsürlərin əməlləri haqlı olaraq cəmiyyətimiz
tərəfindən ikrahla, qəzəblə qarşılanır. Azərbaycana qarşı qərəzli
və düşmən mövqedə dayanan təşkilatlarla əməkdaşlıq edən,
Ermənistanın təəssübünü çəkən avropalı siyasətçilərdən təlimatlar
alaraq dövlətimizin maraqlarına ləkə vurmağa çalışan bu milli
satqınlar öz əməlləri ilə xalqımızın əbədi nifrətini qazanıblar. Və
özləri də yaxşı anlayırlar ki, Azərbaycan cəmiyyətində onlara yer
yoxdur.

Məlumdur ki, bu antiazərbaycançı qrupun üzvləri vaxtilə
torpaqlarımızın azadlığa qovuşacağını, bütün ərazilərimiz üzərində
milli suverenliyimizin bərpa olunacağını qeyri-mümkün hesab
edirdilər. Vətən müharibəsindəki zəfərimiz bu iddiaları yerlə
yeksan etdi. Daha sonra onlar Rusiyanın sülhməramlı kontingentinin
Qarabağda əbədi qalacağını iddia etməyə başladılar. Lakin Prezident
İlham Əliyevin uzaqgörən diplomatiyası və strateji gedişləri bu
iddiaların da nə qədər əsassız olduğunu sübut etməklə, onun
müəlliflərinin daha bir siyasi ifşası oldu.

“Zayed İnsan Qardaşlığı Mükafatı” Azərbaycanın sülhsevər dövlət,
Prezident İlham Əliyevin isə qlobal səviyyədə yüksək nüfuz və
ehtirama malik lider olmasının siyasi möhürüdür. Bu mükafat
dövlətimizin başçısının sülh siyasətinə verilən yüksək qlobal
qiymətdir. Prezident İlham Əliyevin bu nüfuzlu mükafatla təltif
olunması həm də düşmən dəyirmanına su tökən antiazərbaycançı
dəstəyə vurulan növbəti siyasi zərbədir.

Xanlar Fətiyev,

Milli Məclisin deputatı