
“Rusiya Müdafiə Nazirliyinin general-leytenantı Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdi ilə bağlı məlumatlar Prezident Vladimir Putinə məruzə edilir”.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Təhlükəsizlik xidmətləri hazırda işlərini görür və təbii ki, prezidentə hesabat verirlər”, – deyə Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Baş Kəşfiyyat İdarəsinin (QRU) rəisinin birinci müavini Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdi Moskvanın şimal-qərbində baş verib. Naməlum şəxs onu güllələyib. Yaralanan general xəstəxanaya yerləşdirilib.
Müstəntiqlərin sözlərinə görə, 6 fevral 2026-cı ildə Moskvanın Volokolamskoye şossesindəki yaşayış binasında hələlik şəxsiyyəti məlum olmayan bir şəxs Müdafiə Nazirliyinin əməkdaşına bir neçə dəfə atəş açaraq hadisə yerindən qaçıb.
Rusiya Federasiyasının İstintaq Komitəsi 30-cu maddənin 3-cü hissəsi, 105-ci maddənin 1-ci hissəsi (“qəsdən adam öldürməyə cəhd”) və 222-ci maddənin 1-ci hissəsi (“odlu silahın qanunsuz dövriyyəsi”) ilə cinayət işi açıb.


