
Bu gün İdrak Liseyində baş verən hadisə cəmiyyətdə ciddi rezonans doğurub. Şagirdin müəllimi güllələməsi yalnız kriminal hadisə kimi qəbul edilmir. Bu, daha dərin sosial, psixoloji və təhsil problemlərinin göstəricisidir. Hadisənin iştirakçılarının yaş və status fərqi məsələyə xüsusi həssaslıq tələb edir. Güllələnən müəllimin gənc xanım olması ictimai reaksiyanı daha da kəskinləşdirib. Ona silah tuşlayan şəxsin isə 15 yaşlı yeniyetmə olması təhlükənin miqyasını genişləndirir.
Mütəxəssislər hadisəyə fərqli prizmalardan yanaşırlar. Psixoloqların bir qismi müəllim–şagird münasibətlərində mümkün etik pozuntuları istisna etmir. Onların fikrincə, müəllimin şagirdi sinif və ya həmyaşıdları arasında alçaltması yeniyetmənin psixikasında ciddi travma yarada bilər. Digər ekspertlər isə hadisənin emosional və romantik kontekstdə dəyərləndirilməsini önə çəkirlər. Yeniyetmənin müəllimə qarşı formalaşan sevgi münasibətinin qarşılıqsız qalması aqressiv davranışa yol aça bilər.
Bu nöqtədə əsas sual yaranır, 15 yaşlı bir yeniyetmə silaha necə və niyə əl ata bildi? Burada ailə faktorunu nəzərdən qaçırmaq olmaz. Ailədaxili nəzarətin zəifliyi, valideyn-övlad münasibətlərində ünsiyyət çatışmazlığı bu cür halların əsas səbəblərindən sayılır. Sosial mühitdə zorakılığın normallaşdırılması da yeniyetmələrin davranışına təsirsiz ötüşmür. Xüsusilə sosial şəbəkələr və mediada yayılan aqressiv məzmunlar risk faktorunu artırır.
Təhsil sistemi də bu hadisədə ayrıca təhlil edilməlidir. Məktəblərdə psixoloji xidmətlərin formal xarakter daşıması uzun müddətdir tənqid olunur. Yeniyetmələrin emosional vəziyyətinin vaxtında aşkarlanması üçün mexanizmlər yetərli deyil. Müəllimlərin psixoloji hazırlığı və böhran vəziyyətlərini idarə etmə bacarığı da sual altındadır. Təhsil müəssisələrində konfliktlərin erkən mərhələdə həlli mexanizmləri zəif işləyir.
Sosioloqlar isə hadisəni daha geniş ictimai kontekstdə qiymətləndirirlər. Cəmiyyətdə artan gərginlik, sosial ədalətsizlik hissi və gələcək qorxusu yeniyetmələrdə aqressiyanı gücləndirir. Gənclərin özünü ifadə imkanlarının məhdudluğu da bu prosesdə rol oynayır. Hadisə göstərir ki, məktəb sovet zamanında dərk edilən kimi tək bilik verilən yer deyil, xeyli risklərin idarə olunduğu məkandır. Xüsusilə indiki zamanda, sosial medianın hər yerdə olduğu və hər istiqamətdə təsir etdiyi bir vaxtda məktəb daha diqqətli olmalıdır. Əlbəttə ki, məktəbin diqqətli olması valideyn məsuliyyətini azaltmır.
Nəticə etibarilə, İdrak Liseyində baş verən bu olay fərdi cinayət kimi təhlil edilməməli, sistemli problemin təzahürü kimi araşdırılmalıdır. Burada ancaq şagirdi və müəllimi günahlandırmaq doğru yanaşmadır. Hadisə cəmiyyətə xəbərdarlıq siqnalıdır. Əgər ailə, məktəb və dövlət strukturları bu siqnalı vaxtında eşitməsə, oxşar hallar təkrar oluna bilər. Bu səbəbdən hadisənin araşdırılması hüquqi müstəvi ilə yanaşı, sosial və psixoloji fazalarda da aparılmalıdır.
Hər bir halda baş verən olay çox ciddi narahatçılıq yaradır. Çünki bir müəllimə atılan güllə ümumi təhsilimizə dəyir.
Elnur ƏMİROV


