Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın dilbər guşələrindən olan Qəbələ şəhəri yenidən öz
qapılarını sənətsevərlərin, Beynəlxalq Musiqi Festivalı
iştirakçılarının üzünə açıb.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının
təşkilatçılığı, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və
“Gilan”ın dəstəyi ilə Qəbələdə artıq ikinci ildir keçirilən “Qış
nağılı” II Beynəlxalq Musiqi Festivalı 2009-cu ildən bu şəhərdə
ənənəvi təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalının davamı
olaraq sənətsevərləri yenidən bir araya gətirib.

Trend xəbər verir ki,
festivalın proqramına uyğun olaraq, fevralın 5-də axşam Qəbələ
şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə ilk
konsert proqramı təqdim olunub. Dahi bəstəkar Qara Qarayevin musiqi
irsinə həsr olunacaq konsertdə Xalq artistləri Fərhad Bədəlbəyli və
Murad Adıgözəlzadə, Azərbaycan Dövlət Simli Kvarteti çıxış
edib.

Konsertdən əvvəl Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyeva çıxış
edərək, ikinci dəfədir təşkil edilən Qəbələ “Qış nağılı” II
Beynəlxalq Musiqi Festivalının mədəniyyətimiz üçün əlamətdar hadisə
olduğunu vurğulayıb. Bildirilib ki, Qəbələ Beynəlxalq Musiqi
Festivalının əsas xüsusiyyətlərindən biri də odur ki, hər zaman
festivalın açılışından əvvəl kamera musiqisi axşamları təşkil
edilir. Bugünkü kamera konserti isə dünya musiqi xəzinəsinə
əvəzolunmaz töhfələr verən görkəmli bəstəkar, ictimai xadim, bütöv
bir bəstəkarlar nəsli yetişdirmiş misilsiz müəllim, Xalq artisti
Qara Qarayevin əziz xatirəsinə həsr olunub.




Konsertdə Qara Qarayevin “2 saylı simli kvartet a-moll” (iki
hissə), “İnsan məskən salır” kinofilmindən musiqi, “Prelüd A-dur,
F-dur”, R.Şumanın “Piano kvinteti” (III və IV hissələr), İ.Bramsın
“Piano kvinteti” (III və IV hissələr) əsərləri səsləndirilib.

Xalq artistləri Fərhad Bədəlbəyli (piano) və Murad
Adıgözəlzadənin (piano), həmçinin Azərbaycan Dövlət Simli Kvartetin
üzvləri – Nəzrin Aslanlı (violin), Xəyalə Abdullayeva (violin),
Vaxtanq İmanov (viola) və Aleksey Miltıxın (violençel) təqdim
etdikləri əsərlər tamaşaçıların ürəyincə olub.

Qeyd edək ki, Qəbələ “Qış nağılı” II Beynəlxalq Musiqi
Festivalının proqramı çox zəngindir. Musiqisevərlər festival
günlərində Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik
Orkestrinin maraqlı konsert proqramından zövq alacaq, “Bakı-Neapol:
Musiqi Körpüsü” kamera musiqi axşamında Azərbaycan və İtaliya
bəstəkarlarının əsərlərini dinləyəcək, “Azərbaycan-İspaniya: iki
ölkə, bir musiqi” adlı flamenko-caz musiqi gecəsində İspaniyadan
dəvət alan ifaçı və rəqqasların çıxışlarını izləmək imkanı əldə
edəcəklər.