
“Bəzi məmurlar universitetin qapısını belə tanımayıblar, diplomu isə tutduqları vəzifəyə uyğun olaraq kabinetlərdə alıblar…”
Modern.az xəbər verir ki, bu sözlər sabiq deputat, təhsil məsələləri üzrə ekspert Etibar Əliyev deyib.
Onun sözlərinə görə, vaxtilə prestijli ali təhsil müəssisələrini bitirmək vəzifəli şəxslərin karyerasında əhəmiyyətli rol oynayırdı:
“Əvvəllər bəzi vəzifələr üçün Ali Partiya Məktəbini bitirmək qarşıya məqsəd qoyulurdu. Vəzifəli şəxslərin bioqrafiyalarına baxanda görürük ki, onların bitirdiyi Ali Məktəb və xüsusilə Bakı Ali Partiya Məktəbinin məzunu olması diqqəti cəlb edir
Sovetlər dağlandıqdan sonra isə istək, ikinci və ya üçüncü diplom almaq arzusu daha da geniş yayılmağa başladı. İkinci təhsil adı ilə bir çox şəxslər yalnız ikinci ixtisas üzrə ali təhsil alırdılar. Burada “ali təhsil almaq” ifadəsini bir qədər geniş dərk etmək olar.
Məsələn, əksər vəzifəli şəxslərdən biri, Qaradağın İcra Hakimiyyətinin keçmiş başçısı Süleyman Mikayılov İdman Akademiyasını bitirdikdən sonra 2004-cü ildə 50 yaşına yaxın Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Bu, maraqlı bir nümunədir.
İndi bir çox məmurlarda, hətta bir sıra deputatlarda ikinci təhsil daha böyük önəm daşıyır. Məsələn, kimsə Texniki Universiteti bitirib, daha sonra Bakı Dövlət Universitetinin və ya Dövlət İdarəçiliyi Akademiyasını da bitirib. Bu hal geniş yayıldı və şübhəsiz ki, bunun məqsədi dərin ali təhsil almaq deyil, daha çox bioqrafiyanı zəngin göstərməkdir”.
E. Əliyev qeyd edib ki, bəzi vəzifəlilər universitetə formal olaraq gedərək diplomlar alıblar:
“Bəzi məmurlar universitetin qapısını belə tanımayıblar, diplomu isə tutduqları vəzifəyə uyğun olaraq kabinetlərdə alıblar. Məsələn, Vasif Talıbov Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Ola bilsin ki, o, universitetdə dərsə belə getməyib, amma formal olaraq diplomu alıb.
Əvvəllər müəyyən kvotalar ayrılırdı, ikinci təhsil almaq yalnız müəyyən şəxslər üçün əlçatandır. İndi isə bu, əsasən təhsil haqqını ödəyə bilən hər kəs üçün mümkündür. Məsələn, Aqrar Universiteti bitirmiş şəxs Bakı Dövlət Universitetində və ya Dövlət İdarəçiliyi Akademiyasında ikinci diplomunu ödənişli şəkildə ala bilər. Gələcəkdə isə bu diplom bioqrafiyada qeyd olunur və bir qədər də diqqət çəkir.
Bəzi şəxslər üçün isə üçüncü diplom almaq da mümkündür. Sonradan alim olmaq meyli də ortaya çıxır. Lakin çox vaxt formalizm üstünlük təşkil edir: onlar kabinetlərində oturur, dissertasiyaları başqaları yazır, müdafiə günündə isə bir-iki saat iştirak edirdilər və sonra diplomu alırdılar.
Bunların hamısı süni şəkildə “ali təhsil almaq” kimi təsnifatlandırılır. Mən düşünürəm ki, burada müəyyən məhdudiyyətlər qoyulmalıdır. Məsələn, niyə indiyə qədər rast gəlinməyib ki, vəzifədə olan bir məmur fizika, riyaziyyat və ya kimya fakültəsindən ikinci təhsil alıb? Əksər hallarda ikinci təhsil Dövlət İdarəçiliyi və ya Bakı Dövlət Universitetinin hüquq fakültəsində olur. Belə şəxslərin sayı minlərlədir.
Bir dövrdə Bakı Dövlət Universitetində ikinci təhsilin sayı azaldı bu isə doğru bir addım idi. İmtahan prosesi bir qədər ciddiləşdirildi. 2019-cu ilə qədər və ondan əvvəl isə minlərlə şəxs hüquq fakültəsini ikinci təhsil kimi, minlərlə şəxs isə Dövlət İdarəçiliyi Akademiyasını bitirmişdi. Bu ixtisaslar isə prestijli hesab olunurdu.
Ən paradoksal məsələ alimlik dərəcələrinin verilməsidir. Məmurlar, məhkəmə və prokurorluq sistemində işləyənlər, böyük vəzifələr tutan şəxslər, həmçinin, könlündən alimlik dərəcəsi keçənlər bu dərəcəni ala bilirdilər”. (Mənbə:Yenisabah.az)


