Oleksandr Korniyenko: Ukraynada seçkilərin keçirilməsi üçün minimum 60 gün atəşkəs olmalıdır

Baş səhifə
Oleksandr Korniyenko: Ukraynada seçkilərin keçirilməsi üçün minimum 60 gün atəşkəs olmalıdır

Ukraynada hərbi vəziyyət zamanı seçkilərin keçirilməsi üçün minimum 30-60 gün atəşkəs olmalıdır.

Bunu “Report”un Şərqi-Avropa bürosuna müsahibəsində Ukraynada hakim “Xalqın xidmətçisi” partiyasının sədri, Ali Radanın birinci vitse-spikeri, müharibə şəraitində seçkilərin və referendumun keçirilməsi ilə bağlı qanun layihəsinin hazırlanması üzrə İşçi Qrupun rəhbəri Oleksandr Korniyenko deyib.

O xatırladıb ki, Ukraynada hazırda iki növ seçki var – növbəti və növbədənkənar:

“Təklif olunan layihə hansısa üçüncü növ seçki olacaq. Bizim hələ belə anlayışımız yoxdur, onu icad etmək lazımdır. Lakin növbəti seçkilər həmişə 90 gün, növbədənkənar isə 60 gün olur. Biz qanunvericiliyimizdə başqa müddətlər bilmirik, onları yenidən düşünmək çətin olacaq”.

Onun fikrincə, bu il seçkilərin baş tutmasını proqnozlaşdırmaq çətindir və o, yaxın bir neçə ayda baş verəcəkləri görməyənə qədər belə əsaslar görmür:

“Rusiya hərbi təcavüzünü artırır. Bu şəraitdə seçkilər keçirilərsə, ölkədən kənarda olan vətəndaşlarımızın səs verə bilməsi problemləri olacaq. Rusiyada olan vətəndaşlarımızın səs verməsi necə obyektiv ola bilər? Bunun yolunu düşünmək çətindir. Hamımız təcavüzkar ölkənin davranışını başa düşürük və orada heç kim təminat verə bilməz ki, bu səsvermə normal olacaq”.

O.Korniyenko qeyd edib ki, əgər əvvəllər seçkilər 2,5-3 milyard qrivnaya (58-70 milyon dollar – red) başa gəlirdisə, sadəcə ikiyə vurmaqla indi bu rəqəm 6 milyard qrivna (140 milyon dollar – red) olacaq.

Müsahibənin tam mətni ilə buradan tanış olmaq olar.