Kanadada Azərbaycan Gənclərinin Birinci Forumu keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Kanadanın
Toronto şəhərində “Növbəti Nəsil Kanadalılar” (“The Next Generation
Canadians”) adlı Kanada Azərbaycan Gənclərinin Birinci Forumu
keçirilib. Forum Azərbaycan Respublikasının Diasporla İş üzrə
Dövlət Komitəsinin dəstəyi, “Vətən” Azərbaycan İncəsənət və
Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Komitədən Trend-ə verilən məlumata görə, forumda Azərbaycan
Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini
Vaqif Seyidbəyov, Azərbaycan Respublikasının Kanadadakı müvəqqəti
işlər vəkili Vüsal Süleymanov, Kanada parlamentinin üzvləri Ali
Ehsassi, Roman Baber və Sima Acan, Ontario Əyalət Parlamentinin
üzvü Andrea Hazell, Kanadanın Toronto, Kalqari, Alberta, Ottava,
Karlton, Qərb, York və Toronto Metropolitan universitetlərində
təhsil alan azərbaycanlı tələbələr, həmçinin müxtəlif sahələrdə
işləyən, uğur qazanan gənc sahibkarlar iştirak edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif
Seyidbəyov forumun Kanadada yaşayan azərbaycanlı gənclərin
şəbəkələşməsi, liderlik bacarıqlarının inkişafı və milli kimliyin
qorunması baxımından mühüm platforma olduğunu vurğulayıb. Gənclərin
yaşadıqları cəmiyyətə inteqrasiyası ilə yanaşı, Azərbaycanla
bağlarının daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini
ifadə edib.

Kanadada fəaliyyət göstərən Azərbaycan Evinin rəhbəri Lalin
Həsənova gənclərin Azərbaycan Evinin imkanlarından səmərəli
istifadə etməsinin, milli kimlik və mədəni dəyərlərə daim önəm
verməsinin, məskunlaşdıqları ölkədə Vətənimizi layiqincə təmsil
etməsinin vacibliyindən danışıb.

Forumda Ontario vilayətinin Turizm, Mədəniyyət və Oyun Biznesi
üzrə naziri və Ontario Əyalət Parlamentinin üzvü Stan Çonun ‘Vətən’
Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinə göndərdiyi rəsmi
təbrik məktubu səsləndirilib. Məktubda forumun işinə və gənclərə
uğurlar arzulanıb.




Digər çıxışçılar gənclərin inkişafına yönələn və onlar üçün
faydalı ola biləcək imkanları müzakirə edərək, gənc soydaşlarımızın
şəbəkələşməsinə xidmət edən bu addımları yüksək
qiymətləndiriblər.

Forumun işi sessiya və panellərlə davam edib.

Təlimçi Pərvin Abdullayeva “Gələcəyin Qurucuları: Gənclər necə
innovativ ola bilər, sahibkarlar kimi ünsiyyət qura və idarə edə
bilər?” adlı sessiyada gənclərə innovativ düşüncə və liderlik
bacarıqlarının inkişafı ilə bağlı tövsiyələr verib. Təlimçi Stiv
Elliot isə “Sürətli düşün, təsirli danış: Gələcək liderlər üçün
ünsiyyət” mövzusunda ictimai natiqlik təlimi ilə iştirakçıların
effektiv ünsiyyət və təqdimat bacarıqlarını gücləndirməsi üçün
maraqlı məsləhətlər səsləndirib.

Forumda, həmçinin “Böyük ideyalar, real hekayələr: uğurlu
sahibkarların düşüncələri”, “Öyrənmək, qazanmaq və böyümək: dərslər
və karyera arasında”, “Təcrübə səsləri: dərsliklərdə tapmayacağınız
dəsrlər” adlı panellərdə gənclərlə yanaşı, Kanadanın müxtəlif
universitetlərində akademik təcrübəsi olan azərbaycanlı
professorlar da çıxış edib, öz maraqlı və faydalı təcrübələrini
bölüşüblər.

Qeyd edək ki, bu kimi forumların ənənəvi təşkil olunmasının əsas
məqsədi xaricdə yaşayan azərbaycanlı gənclərin yaşadıqları
cəmiyyətə inteqrasiyasını gücləndirmək, əlaqələrini genişləndirmək
və həmvətənlərimiz arasında dayanıqlı icma birliyinin
formalaşmasına töhfə verməkdir.