
Mədəniyyət Nazirliyi yanında Daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının növbəti iclası keçirilib.
İclasda mədəniyyət nazirinin müavini Səadət Yusifova Ekspert Şurası tərəfindən həyata keçirilən işlərin nəticələri barədə məlumat verib. Bildirib ki, ötən dövrü ərzində Şuranın fəaliyyəti bir sıra nəticələr ilə yadda qalıb. Keçirilən iclaslarda 500 abidə və yeni aşkar edilmiş nümunə müzakirə edilib, qanunvericiliyə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasından rəy alınıb. 2025-ci ildə Binəqədi rayonu üzrə dövlət mühafizəsində olan 8 abidənin məlumatında düzəliş olunub, həmin ərazidə yerləşən 7 və işğaldan azad olunmuş ərazilərdə yerləşən 44 yeni aşkar edilmiş abidə daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilib. Həmçinin, Nazirlər Kabinetinin 9 yanvar 2026-cı il tarixli 6 nömrəli Qərarı ilə 87 abidənin məlumatlarında düzəliş edilib.
Ekspert Şurasının sədri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor, Gülçöhrə Məmmədova müzakirəyə çıxarılan məsələlər haqqında məlumat verib. Bildirib ki, iclasda 41 tarixi və memarlıq əhəmiyyəti daşıyan obyektin dövlət mühafizəsinə götürülməsi barədə məsələ Şura üzvlərinin müzakirəsinə təqdim olunub.
İclasda daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilməsi təklif olunan Astara, Xaçmaz, Xızı, Qobustan, Quba, Qusar, Lənkəran, Neftçala, Siyəzən, Şabran, Ucar və Tərtər rayonları, eləcə də Bakı və Sumqayıt şəhərləri üzrə ümumilikdə 41 yeni aşkar edilmiş nümunənin dövlət mühafizəsinə götürülməsi müzakirə edilib. Sözügedən məsələ ilə bağlı Şura üzvlərinin rəy və təklifləri dinlənilib, tarixi və memarlıq əhəmiyyəti daşıyan obyektlərin dövlət qeydiyyatına alınması üçün müvafiq tədbirlərin görülməsi barədə qərarlar qəbul edilib.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


