BMT süni intellekt üzrə beynəlxalq elmi panel yaradır

Baş səhifə
BMT süni intellekt üzrə beynəlxalq elmi panel yaradır

BMT süni intellektin qlobal təsirlərini qiymətləndirmək üçün Müstəqil Beynəlxalq Elmi Panel yaradır.

“Report”un ABŞ bürosu xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş jurnalistlərə açıqlamasında deyib.

Baş katib bildirib ki, bununla bağlı Baş Assambleyaya dünyanın müxtəlif regionlarını təmsil edən 40 nüfuzlu mütəxəssisin namizədliyini təqdim edib.

Quterreş qeyd edib ki, panel “Gələcək üçün BMT paktı” çərçivəsində yeni texnologiyalar üzrə çoxtərəfli əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyır və süni intellekt sahəsində bilik boşluğunu azaltmağa yönəlmiş ilk qlobal, tam müstəqil elmi qurum olacaq:

“Qurumun əsas məqsədi süni intellektin iqtisadiyyat və cəmiyyətlərə real təsirlərini araşdırmaq, etibarlı elmi qiymətləndirmə təqdim etmək və ölkələr arasında ortaq anlayış formalaşdırmaqdır. Panel faktları dezinformasiyadan ayırmağa kömək edən mötəbər istinad mənbəyi rolunu oynayacaq”.

Baş katib qeyd edib ki, 2 600-dən çox müraciət arasından seçilən üzvlər ağıllı cihazların öyrənilməsi, məlumatların idarə olunması, səhiyyə, kibertəhlükəsizlik və insan hüquqları kimi sahələri təmsil edir və şəxsi keyfiyyətlərində müstəqil fəaliyyət göstərəcəklər.

Həmçinin panel sürətləndirilmiş rejimdə işləyəcək və ilk hesabatın iyulda keçiriləcək “AI İdarəçiliyi üzrə Qlobal Dialoq”da təqdim olunması gözlənilir. Katibliyin işi baş katibin xüsusi elçisi Amandip Gill tərəfindən əlaqələndiriləcək.