
Bakı.Trend:
Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi
tədbirlər nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə aşkar
edilərək qanunsuz dövriyyədən çıxarılıb. Narkotik vasitə
“Cənub-Astara” gömrük postunda ölkə ərazisindən tranzit keçməklə
İrandan Rusiyaya təzə qarpız yükü aparan nəqliyyat vasitəsində
aşkarlanıb.
Trend xəbər
verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilir ki, stasionar rentgen qurğusunda aparılan baxış
zamanı şübhəli cizgilər müşahidə edildiyindən yük avtomobilinə
kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata
keçirilib.
Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda yerləşdirilən 92
ədəd paletdə gömrük nəzarətindən gizlədilən, qablaşdırılmaları ilə
birlikdə ümumi çəkisi 61 kiloqram olan xüsusilə külli miqdarda
narkotik vasitə – marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.


