
Bakı. Trend:
ABŞ-də uzun müddət davam edən soyuq hava şəraiti qaz və kömürlə
işləyən generatorlar üçün yanacaq tədarükünü məhdudlaşdıraraq
ölkədə elektrik enerjisi təchizatı ilə bağlı problemlər
yaradıb.
Trend bu
barədə xarici KİV-ə istinadən xəbər verir.
Şəbəkə operatorlarının məlumatına görə, Orta Qərb və Orta
Atlantik regionlarında ümumilikdə 67 milyon insanın elektrik
enerjisi təchizatına cavabdeh olan “PJM Interconnection” bazar
ertəsi günü 19,96 qiqavat (GVt) olan generasiya fasilələrinin
çərşənbə axşamı 25,72 GVt səviyyəsinə yüksələcəyini
proqnozlaşdırır.
Bu göstərici Bostondan Vaşinqtona qədər uzanan və təxminən iki
həftədir davam edən soyuq hava şəraitinin ən pik nöqtəsi olan 22
yanvarda qeydə alınmış 26,1 GVt kəsintidən bir qədər aşağıdır.
PJM-in son yeddi günlük proqnozuna əsasən, elektrik enerjisi
istehsalında fasilələrin həftə ərzində yüksək səviyyədə qalacağı
gözlənilir.
Bu vəziyyət topdansatış bazarında qiymətlərə də təsir göstərir.
Qazın real vaxt rejimində qiyməti çərşənbə axşamı səhəri müəyyən
qədər yumşalma nümayiş etdirib. Pensilvaniyada Şərq qazının qiyməti
bazar ertəsi günü 1 mmBTU üçün 5,69 dollardan çərşənbə axşamı 3,79
dollara enib.
Eyni zamanda, Pensilvaniya və Merilend ştatlarını əhatə edən
bölgədə elektrik enerjisinin qiyməti bazar ertəsi 196 dollar olduğu
halda, çərşənbə axşamı 113 dollara düşüb.


