
Şəklin mənbəyi, Getty
ABŞ-ın Ədliyyə Nazirliyi həbsxanada ölən, insan alverində günahlandırılan Cefri Epstinlə (Jeffrey Epstein) bağlı yeni sənədlər açıqlayıb.
Üç milyon səhifə, 180 min şəkil və 2 min video Ədliyyə Nazirliyinin “Epstein kitabxanası”nda yerləşdirilib.
Cefri Epstin azyaşlı qızlardan ibarət ”geniş bir şəbəkə” idarə etməkdə və onları özü və müxtəlif şəxslərlə cinsi əlaqəyə cəlb etməkdə ittiham olunub.
“Bakı Parisdən də gözəldir”
Yayılan sənədlər arasında Epstein-in elektron məktubları (e-mail- red.) da var. Bəzi məktublarda Azərbaycanın, Bakının da adı keçir.
Onun “Sultan Bin Sulayem” adlı bir nəfərlə yazışmasında Bakıdan bəhs olunur.
2011-ci ilə aid yazışmalarda “Sultan Bin Sulayem” Bakını Epstein-ə tərifləyir.
2011-ci ilin avqustuna aid yazışmalarda Epstein Bakıya birbaşa uçuş olub-olmadığını soruşub, amma uçuş tarixi verməyib.
2015-ci ilə aid başqa bir yazışmadan məlum olur ki, “Sultan bin Sulayem” sentyabrda Bakıda olub. O, sonradan Epstein-ə Bakının şəkillərini göndərib və deyib ki, Bakı “çox gözəl şəhərdir, hətta Parisdən də”.
Bu məktubunda “Sultan bin Sulayem” yazıb ki, əgər nə vaxtsa Epstein Bakıya getmək istəyərsə, ona qoşula bilər. “Biz Prezidentlə görüşəcəyik. O mənim yaxşı dostumdur, çox intellektualdır, mənə Şeyx Mohammed-i xatırladır”.
Epstein ona cavabında sual edir ki, “Oktyabrın 29-u Dubaya gələ bilərəm və ordan gedə bilərik?”

Şəklin mənbəyi, ABŞ Ədliyyə Nazirliyi
“Sultan bin Sulayem”-in kimliyi bu məktubda göstərilmir.
ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsindəki Demokratların ötən ilin dekabrında ictimailəşdirdiyi fotoların arasında Jeffrey Epstein-in Birləşmiş Ərəb Əmirliklərindən olan biznesmen Sultan Əhməd bin Sulayemlə də fotosu var.
Məktubda adı çəkilən şəxslə fotolardakı şəxsin eyni adam olub-olmaması hələ ki, məlum deyil.
Biznesmen bin Sulayem bu iddialar barədə heç bir şərh verməyib.
Əliyev hökuməti “Sultan bin Sulayem”in emalində “Prezidenti yaxın dostu adlandırması”na hələ şərh verməyib.
Epstein-lə əlaqə özü-özlüyündə cinayət xarakteri daşımır və belə bir yazışma dərhal cinayət təhqiqatına səbəb olacaq inkaredilməz sübut kimi qiymətləndirilmir.

Şəklin mənbəyi, Democrats on the House Oversight Committee
“DP World” şirkətlər qrupunun rəhbəri olan Sultan Əhməd bin Sulayem 2021-ci ildə Azərbaycanda olub və Prezident İlham Əliyevlə görüşüb. Bu görüş barədə president.az saytı məlumat verib.
Onlar sonuncu dəfə bu ilin yanvarında, Dünya İqtisadi Forum çərçivəsində Davosda görüşüblər.

Şəklin mənbəyi, president.az
Bakıya göndərilən nümayəndə heyəti üçün Epstein-dən xahiş
2014-cü il mayın 22-də qardaşı Mark L. Epstein “Joe Merante” adlı şəxsdən aldığı və “Merante – Baku- Important” (“Merante-dən – Bakı- Mühüm”) Mo başlığı ilə etiketlənmiş e-mail-i qardaşına göndərərək yazıb:
“Əgər kimsə tanıdığın varsa və onlara yaxşılıq etmək istəsən: (mənə bildir)”.
“Joe Merante” Mark L. Epstein-ə göndərdiyi emailində yazıb ki, Konqres üzvlərinin 21 may-4 iyun tarixində Azərbaycana səfəri planlaşdırılıb. Amma bir nəfərdən başqa hamı səfərdən imtina edib:
“…azərbaycanlı sponsorlar məyusdurlar və narahatdılar, soruşurlar ki, səfərin baş tutması üçün həmin üzvlərin əvəzinə media, maliyyə, bankçılıq, təhsil və digər sahələrdə tanınmış şəxslər tapmağa çalışaq.
Siz belə şəxslər təklif edə bilərsinizmi?
Səfər “plus-one” [+1-red.] formatındadır, yəni həyat yoldaşı və ya ailə üzvü də müşayiət edə bilər. Səyahət tam şəkildə birinci sinifdir və bütün yerləşdirilmə də birinci sinif səviyyəsindədir.
Səfər gözəl proqramla müşayiət olunacaq — Prezident və digər nazirlərlə görüşlər də daxil olmaqla. Azərbaycan hazırda sürətlə inkişaf edir və ölkə tərəfdaşlar və investisiya edilə biləcək sahələr axtarır.
Bu səfər həm əyləncəli, həm də maliyyə baxımından sərfəli ola bilər”.
Bu məktuba səfərin gündəliyi də əlavə edilib.

Şəklin mənbəyi, ABŞ Ədliyyə Nazirliyi “Epstein kitabxanası”
Humpty Dumpty İnstitutunun (HDİ) bu səfər üçün hazırladığı gündəlikdə göstərilir ki, nümayəndə heyəti Bakıda (keçmiş) deputat Rəbiyət Aslanova, deputat Jalə Əliyeva, ADA universitetinin rektoru Hafiz Paşayev, Azərbaycan Prezidenti İlham Əliyev, (keçmiş) xarici işlər naziri Elmar Məmmədyarov və (keçmiş) nəqliyyat naziri Ziya Məmmədovla görüşəcəklər.
Humpty Dumpty İnstitutunun rəhbəri Joseph Merantedir. Bu ad Epstein-ə göndərilən emaildəki adla uyğunluq təşkil edir.
2014-cü il mayın 30-da Humpty Dumpty İnstitutunun saytında dərc edilən məqalədə göstərilir ki, səfər Azərbaycan şirkəti AzPod-la birgə təşkil olunub.
Məqalədə nümayəndə heyətinin İlham Əliyevlə görüşməsi barədə məlumat yoxdur. Azərbaycan mediasında və president.az saytında da belə bir görüşün baş tutması barədə hər hansı məlumata rast gəlinmir.
Humpty Dumpty İnstitutunun saytında yalnız o bildirilir ki, nümayəndə heyəti keçmiş xarici işlər naziri Elmar Məmmədyarov və parlament üzvləri ilə görüşüb.
Epstein-in Azərbaycana gedən nümayəndə heyəti tərkibinin yenidən formalaşmasında iştirak edib-etmədiyi məlum deyil.
Joseph Merante-nin ictimailəşdirilən e-maillərə reaksiyası məlum deyil.
HDİ qeyri-kommersiya təşkilatıdır, ABŞ Konqresi və Birləşmiş Millətlər Təşkilatı ilə proqramları vasitəsilə mühüm tərəfdaşları prosesə cəlb edir, o cümlədən Konqres nümayəndə heyətlərinin xaricə və BMT-yə səfərlərini təşkil edir, həmçinin dünyanın müxtəlif yerlərində biznes və mədəniyyət liderləri ilə əməkdaşlıq edir – təşkilatın təsvirində belə deyilir.
Cefri Epstin kim idi?
New York-da doğulan Epstein azyaşlı qızlara qarşı seksual təcavüzdə və insan alverində günahlandırılıb.
Ona qarşı cinayət işi açılmazdan əvvəl o, öz sərvəti və yüksək rütbəli şəxslərlə əlaqə qurduğuna görə tanınırdı.
O, tez-tez varlı və nüfuzlu adamlarla bir yerdə görünüb – belələrinin arasında Donald Trump, keçmiş Prezident Bill Clinton və Epstein-lə əlaqələrinə görə və cinsi təcavüz ittihamları ilə üzləşəndən sonra, 2025-ci ildə şahzadə titulunu itirən Britaniya kral ailəsinin üzvü Andrew olublar.
Keçmiş şahzadə Andrew bu ittihamları rədd edib.
Epstein 18 yaşına çatmamış qızlara 2002-2005-ci illərdə seks üçün pul ödəməkdə ittiham olunub.
O, 2008-ci ildə də eyni ittihamlarla həbs olunmuşdu, lakin gizli və ziddiyyətli sövdələşməyə görə daha yüngül ittihamlar əsasında günahkar bilinmişdi.
66 yaşlı Epstein seks trafikinqi qurmaqda və mümkün şahidlərə onların susması üçün pul ödəməkdə ittiham olunub, lakin milyarder həmin ittihamlara görə özünü təqsirli saymayıb.
Keçmiş Britaniya şahzadəsinin da yeni fotoları yayılıb

Şəklin mənbəyi, ABŞ Ədliyyə Nazirliyi
ABŞ Ədliyyə Nazirliyi tərəfindən dərc edilmiş “Epstein sənədləri”nin sonuncu toplusuna Andrew Mountbatten-Windsorun yerdə uzanmış bir qadının üzərində dörd ayaq üstə diz çökdüyünü göstərən fotoşəkillər daxil edilib.
Şəkillərdən ikisində o, şəxsiyyəti müəyyən edilməmiş və tam geyimli şəxsin qarnına toxunduğu görünür.
Başqa bir şəkildə isə onun birbaşa kameraya baxdığı görünür.
Şəkillər üçün heç bir kontekst verilmir və onların nə vaxt və harada çəkildiyi bəlli deyil.
BBC News şərh almaq üçün Mountbatten-Windsor-a müraciət edib. O, dəfələrlə hər hansı bir qanun pozuntusunu inkar edib.


