
Bakı. Trend:
2026-cı ilin yanvar ayında ölkə ərazisində havanın temperaturu
iqlim norması ilə müqayisədə 19 gün normadan yuxarı (0.9–8.8
dərəcə), 10 gün normadan aşağı (0.7–1.9 dərəcə), 2 gün isə norma
daxilində olub. Orta aylıq temperatur 6.2 dərəcə isti olub ki, bu
da iqlim normasından 1.8 dərəcə yuxarıdır.
Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətinin rəisi
Nazim Mahmudov bildirib.
Onun sözlərinə görə, yanvar ayında normadan maksimal fərq
yanvarın 12-də qeydə alınıb. Həmin gün havanın maksimal temperaturu
Abşeron yarımadasında (Sumqayıt) 21 dərəcə isti , bölgələrdə isə
(Astara) 23 dərəcəyədək isti olub. Havanın minimal temperaturu Bakı
və Abşeron yarımadasında yanvarın 22-də 1.5 dərəcə şaxta (Bakı,
Maştağa), yüksək dağlıq ərazilərdə isə yanvarın 16-da 22
dərəcəyədək şaxta (Şahdağ) qeydə alınıb.
“Yanvar ayının bəzi günlərində fasilələrlə yağıntılı hava
şəraiti müşahidə olunub, ayrı-ayrı yerlərdə sulu qar və qar yağıb,
bəzi ərazilərdə isə yağıntılar leysan xarakterli intensiv və güclü
olub. Ümumilikdə bölgələr üzrə 25 gün yağıntılı hava şəraiti qeydə
alınıb. Ən çox yağıntı aylıq normanın 271 faizi olmaqla
Lənkəran–Astara zonasına (128.2–206.4 mm) və aylıq normanın 205
faizi olmaqla Bakı və Abşeron yarımadasına (Binə – 48.1 mm) düşüb.
Yağan qar nəticəsində qar örtüyünün maksimal hündürlüyü Lerikdə 116
sm təşkil edib”, – deyə N.Mahmudov qeyd edib.
O, həmçinin bildirib ki, yanvar ayının bəzi günlərində küləkli
hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq 10 xəbərdarlıq
(sarı və narıncı) verilib. Bakı və Abşeron yarımadasında 17 gün,
bölgələrdə isə 20 gün küləkli hava şəraiti müşahidə olunub, küləyin
maksimal sürəti Bakı və Abşeron yarımadasında 28 m/s, bölgələrdə
isə 26 m/s-dək güclənib.


