Böyük Britaniyada pivə zavodlarının bağlanması rekord həddə çatdı

Baş səhifə

Bakı. Trend:

Keçən il Böyük Britaniyada təxminən 140 pivə zavodu fəaliyyətini
dayandırıb ki, bu da 1974-cü ildən bəri bir il ərzində qeydə alınan
ən yüksək göstəricidir.

Trend xəbər verir ki, bu
barədə Müstəqil Pivə İstehsalçıları Cəmiyyəti (SIBA) “The Daily
Telegraph” nəşrinə açıqlama verib.

SIBA-nın icraçı direktoru Endi Slinin sözlərinə görə, kraft
pivəyə maraq yüksək olaraq qalsa da, statistik qeydlər aparılmağa
başlanandan bəri son bir ildə ən çox pivə zavodunun bağlanması məhz
bu dövrə təsadüf edib. O qeyd edib ki, ölkənin bütün bölgələrində
fəaliyyət göstərən pivə zavodlarının sayı azalmaqda davam edir.




Məlumata əsasən, Böyük Britaniyada vergi yükünün artması,
xüsusilə spirtli içkilər üzrə aksiz rüsumlarının və əlavə dəyər
vergisinin yüksəldilməsi bu prosesin əsas səbəblərindən biri hesab
olunur.

Endi Sli vurğulayıb ki, pivə zavodlarına və onların əsas satış
kanalı olan pivəxanalara təsir göstərən ağır vergi siyasəti, eləcə
də qlobal pivə brendlərinin bazarda üstün mövqeyi kiçik
istehsalçılar üçün gəlir əldə etməyi getdikcə daha çətin edir.