Bakı. Trend:
İsveç polisi “job scam” kimi tanınan yeni növ fırıldaqçılığın
yayıldığı barədə xəbərdarlıq edir. Bu üsulla insanlar saxta iş
elanları vasitəsilə aldadılır. Belə elanlar daha çox sosial
şəbəkələrdə yayımlanır və gün ərzində bir neçə saatlıq iş
müqabilində asan qazanc vəd edir, təcrübə isə tələb olunmur.
Trend xəbər verir ki, polisin
məlumatına görə, cəlbedici elanların arxasında adətən fırıldaqçılar
dayanır. İnsanlar maliyyə əməliyyatlarına cəlb edilir, onlardan pul
köçürməsi, şirkətə investisiya yatırması və ya saxta internet
mağazalarından məhsul alması tələb olunur. Nəticədə zərərçəkənlər
böyük məbləğləri itirmək riski ilə üzləşir və hətta istəmədən pul
yuyulması üzrə əməliyyatların iştirakçısına çevrilə bilirlər.
Bütün ünsiyyət adətən “Telegram” kimi şifrələnmiş mesajlaşma
proqramları vasitəsilə aparılır, burada qurbanlar saxta həmkarlar
qrupuna əlavə olunur. Polis bildirir ki, belə tapşırıqları yerinə
yetirmək cinayət məsuliyyətinə səbəb ola bilər.
Fırıldaqçılığın əsas əlamətləri isə ixtisas tələblərinin
olmaması, təcili işə çıxma və bank rekvizitlərinin təqdim
olunmasının tələb olunmasıdır. Hüquq-mühafizə orqanları diqqətli
olmağa və belə təklifləri diqqətlə yoxlamağa çağırır.

