Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib

Baş səhifə

Bakı. Trend:

Yanvarın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng
edib.

Trend xəbər
verir ki, söhbət zamanı Azərbaycan ilə İran arasında münasibətlərin
dostluq, qardaşlıq və mehriban qonşuluq prinsiplərinə əsaslandığı
və xalqlarımız arasında tarixi, etnik və dini bağların olduğu bir
daha qeyd edilib.

Telefon danışığı əsnasında İran Prezidentinin Azərbaycana
səfərləri, dövlət başçılarının görüşləri və apardıqları səmərəli
danışıqlar məmnunluqla xatırlanıb, bunların ikitərəfli
əlaqələrimizin inkişafına mühüm töhfə verdiyi qeyd olunub. Araz
çayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil
körpüsünün tikintisi üzrə işlərin qrafikə uyğun aparıldığı
vurğulanıb.

Dövlətimizin başçısı bölgədə yaranmış vəziyyətin narahatlıq
doğurduğunu ifadə edərək, Azərbaycanın gərginliyin aradan
qaldırılmasına töhfə verməyə hazır olduğunu bildirib və ölkəmizin
bu kimi məsələlərin danışıqlar və qarşılıqlı anlaşma yolu ilə
həllinin tərəfdarı olduğunu vurğulayıb.

Prezident Məsud Pezeşkian öz tərəfindən Prezident İlham Əliyevə
təşəkkürünü bildirib.

Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq və qardaşlıq
əlaqələrinin müxtəlif aspektləri və gələcək birgə addımlar
barəsində fikir mübadiləsi aparılıb, təmasların davam etdirilməsi
barədə razılıq əldə olunub.