Kişilərdə ürək xəstəlikləri riski 35 yaşından etibarən artmağa başlayır

Baş səhifə
Kişilərdə ürək xəstəlikləri riski 35 yaşından etibarən artmağa başlayır

Kişilərdə ürək-damar xəstəlikləri riski artıq ömrün üçüncü onilliyinin ortalarından etibarən nəzərəçarpacaq dərəcədə artmağa başlayır ki, bu da qadınlarla müqayisədə təxminən yeddi il daha tezdir.

“Report”un məlumatına görə, İllinoys ştatının Şimal-Qərb Universitetinin alimləri 1980-ci illərin ortalarından bəri toplanan 5 100-dən çox yetkin şəxsə aid məlumatların təhlili nəticəsində bu qənaətə gəliblər. Tədqiqatın nəticələri “Journal of The American Heart Association” nəşrində dərc olunub.

Məlum olub ki, kişilərdə ürək-damar xəstəliklərinin inkişaf riski 5% səviyyəsinə orta hesabla 50,5 yaşında, qadınlarda isə yalnız 57,5 yaşında çatır.

Bu fərqin yaranmasında əsas rolu ürəyin işemik xəstəliyi oynayır. 35 yaşınadək hər iki cins üçün risk səviyyəsi oxşar olsa da, bu yaşdan sonra kişilərdə risk daha sürətlə artmağa başlayır. Bununla belə, siqaret çəkmə, yüksək təzyiq və ya diabet kimi ənənəvi risk faktorları bu fərqi tam izah edə bilmir.

“Bu mərhələ erkən görünə bilər, lakin ürək xəstəliyi onilliklər ərzində inkişaf edir və onun ilkin əlamətlərini artıq gənc yaşlarda aşkar etmək mümkündür”, – deyə tədqiqatın baş müəllifi Aleksa Fridman qeyd edib.

İşin müəllifləri vurğulayırlar ki, bir çox skrininq və profilaktika proqramları 40 yaşdan yuxarı insanlara yönəlib ki, bu da kişilər üçün mühüm “fürsət pəncərəsinin” qaçırılmasına səbəb ola bilər. Onlar Amerika Ürək Assosiasiyasının (AHA) artıq 30 yaşından etibarən tətbiq oluna bilən PREVENT tənlikləri kimi risk qiymətləndirmə alətlərindən istifadə etməyi təklif edirlər.