Almaniyadan Azərbaycana 18 zubr yola salınıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Leyla Əliyevanın təşəbbüsü ilə IDEA İctimai Birliyi, Ekologiya
və Təbii Sərvətlər Nazirliyi, Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi
Fondunun (WWF) Azərbaycan nümayəndəliyi tərəfindən həyata keçirilən
zubrların reintroduksiya layihəsi çərçivəsində Berlindəki
“Tierpark” heyvanat parkından 12 zubr Azərbaycana yola salınıb.
Bundan əlavə, Almaniyanın Bad Berleburq şəhərindən də 6 zubr
ölkəmizə göndərilib.

Trend xəbər verir
ki, zubrların ölkəmizə göndərilməsi prosesini Azərbaycanın
Almaniyadakı səfiri Nəsimi Ağayev, Berlinin “Tierpark” heyvanat
parkının direktoru Andreas Knieriem və digər aidiyyəti qurumların
nümayəndələri müşahidə ediblər.

Zubrlar Azərbaycanın zəngin təbiətində əsrlər boyunca
məskunlaşıb. Bu cüssəli vəhşi öküzlər qədim zamanlardan insanlar
tərəfindən güc rəmzi kimi qəbul olunub. Qobustan qayalarının
üstündə vəhşi zubrların cizgilərinin əks olunması da bunun
göstəricisidir. Populyasiya effektiv idarə olunmadığından bu növün
Azərbaycanda sayı tükənib. Qafqaz dağlarında sonuncu zubr 1927-ci
ildə öldürülüb. Son illər ərzində regionun və dünyanın aparıcı
alimləri tərəfindən həyata keçirilən araşdırmaların nəticəsi
olaraq, təbiətimizdə zubrlar üçün əlverişli şəraitin olduğu
aşkarlanıb.

2012-ci ilin sonlarından etibarən zubrların ölkəmizin vəhşi
təbiətinə reintroduksiya edilməsi istiqamətində IDEA İctimai
Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in
Azərbaycan nümayəndəliyi tərəfindən intensiv iş aparılır. IDEA
İctimai Birliyi ilə Şahdağ Milli Parkı arasında imzalanmış
Əməkdaşlıq Sazişinə əsasən, nəsli kəsilmiş zubrların bərpası və
onların ölkə təbiətinə reintroduksiya olunması, digər növ vəhşi
heyvanların elmi məqsədlərlə artırılması üçün Şahdağ Milli Parkının
İsmayıllı bölməsində 305 hektar sahə ayrılıb, ərazidə zubrların
çoxaldılıb təbiətə buraxılması üçün kompleks inşa edilib.

2019-cu ilin may ayından etibarən isə müxtəlif ölkələrdən, o
cümlədən Almaniyadan Azərbaycana zubrlar gətirilir. Həmin heyvanlar
uğurla adaptasiya dövrünü keçir və aralarında təbii artım müşahidə
edilir, iqlimləşmə müddətindən sonra isə onlar xüsusi adaptasiya
zonasından vəhşi təbiətə buraxılır.




Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev media
nümayəndələrinə müsahibəsində deyib: “Bu gün Berlin zooparkındayıq
və mühüm bir hadisəyə şahidlik edirik. 2019-cu ildən IDEA
təşkilatının dəstəyi ilə Almaniya ilə çox gözəl bir layihə həyata
keçirilir. Belə ki, həm Almaniyada, həm də Avropanın müxtəlif
ölkələrində olan zooparklardakı zubrlar Azərbaycana gətirilir və
azadlığa buraxılır, təbiətə qaytarılır. Bu, Azərbaycanın təbii
müxtəlifliyə, ətraf mühitin qorunmasına verdiyi böyük dəyərin
göstəricisidir. Bu, eyni zamanda, Azərbaycanın Almaniya ilə
tərəfdaşlığının gözəl bir nümunəsidir.”

Zubrlar Azərbaycana göndərilməsi üçün Berlin zooparkından
nəqliyyat vasitələrinə yüklənərək Frankfurt şəhərinə çatdırılıb və
oradan da ölkəmizə yola salınıb. Bu zubrlar Azərbaycana
çatdırıldıqda bir müddət volyer şəraitində saxlanacaq, adaptasiya
dövrünü keçdikdən sonra təbiətə buraxılacaq.

Berlinin “Tierpark” heyvanat parkının direktoru Andreas Knieriem
müsahibəsində ümumilikdə 18 zubrun yola salınacağını vurğulayaraq
bunun indiyədək bir uçuşda daşınan ən böyük zubr qrupu olacağını
qeyd edib. İndiyədək Azərbaycana bir neçə daşınma ilə müxtəlif
zooparklardan gətirilmiş 46 zubrun yola salındığını bildirən
Andreas Knieriem deyib: “Onların bir qismi buradan – “Tierpark”dan,
digərləri isə Almaniyanın müxtəlif zooparklarından, xüsusilə
Çexiyadan gətirilib. Bu 46 heyvan artıq Azərbaycanda bir araya
gəlib və onlar artıq balalayıb. Beləliklə, zubrların sayı 46-dan bu
gün təxminən 70-72 aşa çatıb. Bu gün yola salınanları da nəzərə
aldıqda Azərbaycandakı zubrların sayı təxminən 90-a yaxınlaşacaq.
Demək olar ki, Azərbaycan artıq çox güclü və sağlam zubr
populyasiyasına malikdir. Ümid edirəm ki, qarşıdakı illərdə biz bu
prosesə daha çox töhfə verə biləcəyik və Azərbaycanda daha çox bala
doğulacaq, ölkə zubrların qorunması sahəsində aparıcı yerlərdən
birini tutacaq. Bu isə təbiət üçün, biomüxtəlifliyin qorunması və
zubrların davamlılığı baxımından son dərəcə vacibdir.

Fürsətdən istifadə edərək, həm prosesin uğurla həyata
keçirilməsinə, həm də iki ölkə arasında real və səmimi əməkdaşlığa
görə ürəkdən təşəkkürümü bildirmək istəyirəm. Belə nümunəvi və
etibarlı tərəfdaş olduğu üçün Azərbaycana bir daha təşəkkür
edirəm”.

Layihənin 2028-ci ilə qədər davam etdirilməsi və zubrların
sayının 100 başa çatdırılması nəzərdə tutulur. Layihə zubrların
təbiətimizə qaytarılmasına yönəlsə də, onun əsas istiqamətlərindən
biri də ictimaiyyət arasında maarifləndirilmənin artırılmasıdır. Bu
məqsədlə məktəblilər üçün mütəmadi qaydada müxtəlif maarifləndirmə
tədbirləri, o cümlədən yay düşərgələri təşkil olunur.