İlon Mask “SpaceX”-i birjaya çıxarmağı planlaşdırır

Baş səhifə

Bakı. Trend:

İlon Maskın sahibi olduğu “SpaceX” şirkəti yayın əvvəlində
səhmlərinin satışını həyata keçirməyi nəzərdən keçirir. İlkin
kütləvi təklifin (IPO) şirkətin 1,5 trilyon dollar dəyərində
qiymətləndirilməsi ilə iyun ayının ortalarında baş tutması
planlaşdırılır.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, tarixin planetar uyğunlaşma və Maskın 28 iyunda
qeyd ediləcək ad günü ilə üst-üstə düşməsi simvolik addım kimi
qiymətləndirilir.




“SpaceX” IPO çərçivəsində 50 milyard dollar cəlb etməyi
hədəfləyir. Bu, əvvəlki planlarla müqayisədə dəyərin təxminən 800
milyard dollar artırılması deməkdir. Şirkətin səhm satışında “Bank
of America”, “JP Morgan”, “Goldman Sachs” və “Morgan Stanley” kimi
iri maliyyə institutlarının aparıcı rol alması nəzərdən
keçirilir.

İlon Mask bildirib ki, “SpaceX”-in illik gəliri 15,5 milyard
dollar təşkil edir və bunun 1,1 milyard dolları NASA ilə
müqavilələrdən əldə olunur. Mask şirkətin təxminən 42%-nə sahibdir.
O, eyni zamanda “Tesla” səhmlərinin 17%-nə və “X” sosial media
platformasının böyük hissəsinə nəzarət edir.

Qeyd edək ki, “SpaceX” peyklərin buraxılması, Beynəlxalq Kosmik
Stansiya üçün missiyalar və Starlink peyk internet xidməti hesabına
gəlir əldə edir. Əgər IPO reallaşarsa, bu, 2019-cu ildə 29 milyard
dollar cəlb edən “Saudi Aramco”-nun səhmlərinin yerləşdirilməsindən
daha böyük ilkin maliyyələşmə ola bilər.