Ukraynadakı diaspor rəhbəri medalla təltif olunub

Baş səhifə

Bakı. Trend:

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Ukrayna
Azərbaycanlıları Konqresinin İvano-Frankovsk vilayəti diaspor
təşkilatının rəhbəri Mətləb Nəcəfovu qəbul edib.

Trend xəbər verir ki, bu
barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Komitə sədri xaricdəki Azərbaycan icmalarının, soydaşlarımızın
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım
Əliyevanın diqqətində olduğunu vurğulayıb. Soydaşlarımızın yerli
cəmiyyətə sıx inteqrasiyasını, Azərbaycan həqiqətlərinin təbliği,
zəngin mədəni irsimizin və mədəniyyətimizin tanıdılması
istiqamətindəki fəallığını yüksək qiymətləndirib. Ölkələr arasında
qarşılıqlı münasibətlərin inkişafında diasporun əhəmiyyətli rol
oynadığını qeyd edib və gələcək fəaliyyətlə bağlı tövsiyələrini
nəzərə çatdırıb.




Sonra Mətləb Nəcəfova “Diaspor fəaliyyətində xidmətə görə”
Azərbaycan Respublikasının medalı təqdim edilib.

Soydaşımız fəaliyyətinə verilən yüksək qiymətə görə Azərbaycan
dövlətinə dərin minnətdarlığını bildirib. O, gələcəkdə də ölkələr
arasında ikitərəfli münasibətlərin inkişafı, diasporumuzun
fəaliyyətinin daha mütəşəkkil olması naminə səylərini
əsirgəməyəcəyini söyləyib.

Məlumat üçün qeyd edək ki, Mətləb Nəcəfov 2000-ci ildən Ukrayna
Azərbaycanlıları Konqresinin İvano-Frankovsk vilayəti diaspor
təşkilatının rəhbəridir. O, Rusiya-Ukrayna münaqişəsi dövründə bir
çox soydaşlarımıza yardım edib.