Avtomobil idarə edərkən təhlükəsizlik kəməri taxmamaq xəsarət riskini 3 dəfə artırır – Səhiyyə Nazirliyinin mütəxəssisi

Baş səhifə

Bakı. Trend:

Avtomobildə təhlükəsizlik kəmərinin taxılmaması riski bir neçə
dəfə artırır və bu, bizim gündəlik təcrübəmizdə ən ağır travmaların
əsas səbəblərindən biridir. Tibbi və yol təhlükəsizliyi
araşdırmalarına əsasən təhlükəsizlik kəməri taxılmadıqda travma
riski təxminən 2–3 dəfə artır.

Trend xəbər
verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”
hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu baş direktorun
müavini – baş həkim Nizami Məmmədov açıqlayıb.

Onun sözlərinə görə ağır baş-beyin travması, daxili qanaxma və
çoxsaylı sınıqların yaranma ehtimalı dəfələrlə yüksəlir:




“Qəza zamanı avtomobildən kənara atılma riski isə 20–30 dəfə
daha çox olur. Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və
Ortopediya İnstitutunda da biz çox vaxt eyni mənzərə ilə
rastlaşırıq. Qəza ağır olmayıb, sürət yüksək olmayıb, lakin kəmər
taxılmadığı üçün xəstə ciddi xəsarətlərlə xəstəxanaya gətirilib.
Halbuki həmin anda təhlükəsizlik kəməri taxılmış olsaydı, bu
xəsarətlərin böyük hissəsinin qarşısını almaq mümkün idi. Təcrübədə
müraciət edənlərin əhəmiyyətli hissəsində qoruyucu geyimlər
(dəbilqə, dizlik, dirsəklik, qoruyucu gödəkcə) olmur və ya natamam
olur. Qoruyucu vasitələrdən istifadə edənlərdə travmalar adətən
yüngül toxuma zədələri, səthi sınıqlar və daha az baş-beyin
travması ilə məhdudlaşır, əməliyyat və reanimasiya ehtiyacı xeyli
azalır. Əksinə, qoruyucu geyimdən istifadə etməyənlərdə baş-beyin
travmaları, açıq sınıqlar, ağır ətraf və onurğa zədələri daha
tez-tez qeydə alınır, sağalma müddəti uzanır və ağırlaşma riski
yüksəlir. Xüsusilə dəbilqə baş və üz zədələrinin qarşısını almaqda
həlledici rol oynayır”.

Çıxışının sonunda izləyicilərə müraciət edən Nizami Məmmədov
bildirib ki, təhlükəsizlik kəməri onları narahat etmək üçün deyil,
əksinə qorumaq üçün var:

“Qısa məsafə, şəhər içi yol, arxa oturacaq – bunların heç biri
riskin olmadığı anlamına gəlmir. Qəza bir anın içində baş verir,
nəticələri isə ömür boyu qala bilər. Öz həyatınız, ailəniz və
avtomobildə olan hər kəs üçün təhlükəsizlik kəmərini mütləq taxın.
Bu, bir vərdiş deyil – həyat məsələsidir”.