Qırmızı Qəsəbədə Holokost qurbanlarının xatirəsi yad edilib

Baş səhifə
Qırmızı Qəsəbədə Holokost qurbanlarının xatirəsi yad edilib

Holokost qurbanlarının Beynəlxalq Anım Günü münasibətilə Dağ Yəhudiləri Muzeyində soyqırımı qurbanların xatirəsinə həsr olunmuş tematik sərgi təşkil olunub.

“Report”un Şimal bürosunun məlumatına görə, sərgidə XX əsrin ən dəhşətli faciələrindən biri olan Holokostun tarixi, nasistlər tərəfindən Auşvits (Osventsim) konsentrasiya düşərgəsində amansızca qətlə yetirilən qurbanların fotoları nümayiş olunub.

Tədbirdə ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon və onu müşayiət edən nümayəndə heyəti, Beynəlxalq STMEGİ Fondunun prezidenti Qerman Raşbiloviç Zaxaryayev, eləcə də Dağ Yəhudiləri Muzeyinin kuratoru Vladislav İlyuşayeviç Yusupov iştirak ediblər.

Sərgi çərçivəsində Muzeyin direktoru İqor Aleksandroviç Şaulov tərəfindən ali qonaqlara muzeyin fəaliyyəti, dağ yəhudilərinin tarixi, zəngin mədəni irsi, adət-ənənələri və bu icmanın Azərbaycanın tarixində oynadığı mühüm rol haqqında ətraflı məlumat verilib.

Tədbirdə çıxış edən Emi Karlon soyqırımı ilə bağlı tarixi yaddaşın qorunmasının, antisemitizmə qarşı mübarizənin və keçmiş faciələrin təkrarlanmamasının vacibliyini qeyd edib.

Anım mərasimi zamanı ravvin tərəfində Holokost illərində həlak olan altı milyon yəhudinin xatirəsinə dualar oxuyub, daha sonra xatirə şamları yandırılıb.

Muzey ziyarətindən sonra qonaqlar Qırmızı Qəsəbə ilə tanış olublar. Səfər çərçivəsində qəsəbədə yerləşən sinaqoqlar ziyarət edilib, Qırmızı Qəsəbənin simvollarından biri olan tarixi tağlı körpüyə səfər təşkil olunub.

Qeyd edək ki, 1945-ci ildə Auşvits (Osventsim) konsentrasiya düşərgəsinin azad edilməsi münasibətilə Birləşmiş Millətlər Təşkilatı tərəfindən hər il yanvarın 27-i Holokost qurbanlarının Beynəlxalq Anım Günü kimi qeyd olunur.