
Bakı. Trend:
Ötən il özəlləşdirmədən dövlət büdcəsinə 135,3 milyon manat
daxil olub.
Trend
İqtisadiyyat Nazirliyi yanında Əmlka Məsələləri Dövlət Xidmətinə
istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 26,4 milyon
manat və ya 24,2% çoxdur. Ümumilikdə isə dövlət əmlakının
özəlləşdirilməsi ilə bağlı illik büdcə proqnozunun icrası 123%
həcmində təmin olunub.
Hesabat dövründə dövlət əmlakının özəlləşdirilməsi məqsədilə 58
hərrac təşkil edilib. Ümumilikdə hərraclarda iştirak etmək üçün
2.446 sifariş verilib. Hərraclarda iştirak etmək məqsədilə
“Elektron hərrac” proqram təminatı vasitəsilə 149 onlayn qoşulma
olub. Hərraca çıxarılmış əmlaklar üzrə 644 elektron sifariş qəbul
edilib.
Dövlət əmlakının icarəyə verilməsi sahəsində də yüksək
nəticələrə nail olunub. Belə ki, 2025-ci il ərzində 4.957 yeni
icarə müqaviləsi bağlanılıb ki, bunun 621-i qeyri-yaşayış, 4.336-sı
isə torpaq sahəsinə aiddir. Daşınmaz dövlət əmlakının icarəsindən
ötən il dövlət büdcəsinə daxilolmalar 46,2 milyon manat təşkil
edib. Bu, 2024-cü illə müqayisədə 8,6 milyon manat və ya 23%
çoxdur. Ümumilikdə isə hesabat dövründə daşınmaz dövlət əmlakının
icarəyə verilməsi ilə bağlı illik büdcə proqnozunun icrası 135.9 %
həcmində təmin olunub.
Torpaqların idarə edilməsi, torpaqlardan istifadəyə və onların
mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi sahəsində də
işlər davam etdirilib. 2025-ci ildə ölkə üzrə ümumilikdə 25.964
monitorinq keçirilib. Torpaq Məcəlləsinin tələblərini pozan fiziki
və hüquqi şəxslər barəsində 1266 inzibati protokol yazılmaqla 585
min manat cərimə tətbiq edilib.


