
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən
obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhal
FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə
xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı
ümumi sahəsi 560kv.m. olan istilik sistemləri satışı ilə məşğul
olan dördmərtəbəli obyektin mansard hissəsində yanğın baş verdiyi
və havanın küləkli olması səbəbindən yayılma riskinin yüksək olduğu
müəyyən edilib.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və
təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə, o
cümlədən digər mərtəbələrə və bitişik yerləşən obyektlərə keçməsinə
imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində obyektin mansardının yanar konstruksiyaları
və rəflərə yığılmış santexnika malları 80kv.m. sahədə yanıb.
Obyektin böyük hissəsi və bitişik obyektlər yanğından mühafizə
olunub.
Xəsarət alan olmayıb.


