Tramp administrasiyası “USA Rare Earth” şirkətinə 1,6 milyard dollar sərmayə yatırmağı planlaşdırır

Baş səhifə

Bakı. Trend:

Tramp administrasiyası vacib mineral ehtiyatlarının təmin
edilməsi məqsədilə özəl “USA Rare Earth” şirkətinə 1,6 milyard
dollar həcmində investisiya qoymağı planlaşdırır.

Trend xəbər verir
ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Məlumata görə, “USA Rare Earth” şirkəti Texas ştatında
elektronika və silah istehsalında istifadə olunan 17 nadir torpaq
elementindən 15-ni ehtiva edən yatağı inkişaf etdirir. Şirkət eyni
zamanda Oklahomada maqnit istehsalı zavodu tikməyi
planlaşdırır.




Bildirilir ki, sazişin, eləcə də 1 milyard dollardan çox
məbləğdə ayrıca özəl maliyyələşdirmənin yanvarın 26-da elan
olunacağı gözlənilir.

ABŞ Ticarət Nazirliyinin sözçüsü qeyd edib ki, hökumət
yarımkeçirici təchizat zənciri və ölkənin milli təhlükəsizliyi üçün
mühüm əhəmiyyət daşıyan vacib və strateji mineralların bərpasına
diqqət yetirir.

Qəzetin məlumatına görə, 1,6 milyard dolların 277 milyon dolları
“USA Rare Earth” şirkətinin səhmlərinin alınmasına yönəldiləcək və
bununla da hökumət şirkətin təxminən 10 faizinə sahib olacaq. Qalan
1,3 milyard dollar isə faizlə birlikdə geri qaytarılmalı olan
kredit şəklində təqdim ediləcək.