
Bakı. Trend:
Teatr və kino sənətimizin sevilən nümayəndəsi, uzun illər
Azərbaycan Dövlət Millin Gənc Tamaşaçılar teatrında fəaliyyət
göstərən aktrisa Məsumə Babayeva uzun sürən xəstəlikdən sonra vəfat
edib.
Trend xəbər verir
ki, bu barədə Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı
məlumat yayıb.
“Məsumə Mustafa qızı Babayeva 23 sentyabr 1951-ci ildə anadan
olmuşdur. Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino
aktyorluğu fakültəsində təhsil alıb. Tələbə ikən Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrında bəzi tamaşalarda uşaq rollarında
çıxış edib. 1972-ci ildə institutu bitirdikdən sonra uzun illər
Milli Gənc Tamaşaçılar Teatrında işləyib.
Teatrda çalışdığı illər ərzində çoxsaylı, rəngarən obrazlar
yaradıb. “Qaraca qız”, “Əlvida, Hindistan”, “Mənim nəğməkar bibim”
adlı tamaşalarda, “Qovğalı kəndinin gecələri”, “Günaydın,
mələyim!”, “Qocalar”, “İstanbul reysi”, “Şəbəkə”, “Bir ovuc torpaq”
filmlərində yaratdığı parlaq obrazlarla tamaşaçıların dərin
rəğbətini qazanıb.
Aktrisa 10 mart 2014-cü ildə “Fəxri Mədəniyyət İşçisi” döş
nişanı, 10 mart 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının
“Sənətkar” medalı ilə təltif edilmişdir. 10 dekabr 2018-ci il
tarixində “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Allah rəhmət eləsin!” – deyə məlumatda bildirilib.


