
Bakı.Trend:
Paytaxt sakini Elyar Veyisov idarə etdiyi “Toyota” markalı
avtomobillə qayda pozuntusuna yol verdiyi üçün Ekoloji Nəzarət üzrə
YPX Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.
Trend xəbər
verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat
yayıb.
Bildirilib ki, sənədlərin yoxlanılması zamanı qeyri-adekvat
hərəkətləri şübhə doğuran sürücünün altı ay əvvəl narkotik
sərxoşluğuna görə məsuliyyətə cəlb olunduğu aşkar edilib. Növbəti
dəfə tibbi müayinədən keçirilən E.Veyisov yenidən narkotik maddə
qəbul etməsini etiraf edib.
Eyni qanunazidd əməli təkrar törətdiyinə görə E.Veyisov
məhkəmənin qərarı ilə 2 il sürücülük hüququndan məhrum edilməklə 15
gün müddətinə inzibati qaydada həbs edilib.
Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri
altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının
həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı
tələb edir və bu kimi hallara qarşı bundan sonrada ən kəsərli
tədbirlərin görüləcəyini bildirir.


