
Bakı. Trend:
Livanın Akkar vilayətinin türkmanlar yaşayan Kavaşra kəndindəki
Azərbaycan Evində 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunan
maarifləndirici tədbir keçirilib.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat
verilib.
Bildirilib ki, tədbirdə gənclərə 1990-cı il yanvarın 19-dan
20-nə keçən gecə Sovet ordusunun Bakıda törətdiyi qanlı hadisələr,
günahsız insanların qətlə yetirilməsi, xalqımızın müstəqillik
uğrunda apardığı mübarizə barədə ətraflı məlumat verilib. Bu
tarixin Azərbaycan xalqının yaddaşında təkcə faciə kimi deyil, eyni
zamanda milli iradə, birlik və qəhrəmanlıq simvolu kimi qaldığı
qeyd olunub.
Tədbir Azərbaycan həqiqətlərinin təbliği, tariximizin türkman
gənclərə öyrədilməsi və gələcək nəsillərə ötürülməsi baxımından
xüsusi əhəmiyyət daşıyıb.20 yan
Qeyd edək ki, Kavaşra kəndində fəaliyyət göstərən Azərbaycan Evi
2025-ci ilin may ayında fəaliyyətə başlayıb. Burada türkman
gənclərə və uşaqlara Azərbaycan dili, tarixi, coğrafiyası,
mədəniyyəti tədris olunur. Milli bayramlara və tarixi günlərə həsr
edilən tədbirlər keçirilir. Eyni zamanda diasporla əlaqələrin
gücləndirilməsi məqsədilə müxtəlif layihələr gerçəkləşdirilir.


