1074 nəfər uğur qazandı, bir nəfər imtahandan uzaqlaşdırıldı

Baş səhifə

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi tərəfindən 23 yanvar 2026-cı il tarixində
xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün Bakı,
Gəncə və Bərdə şəhərlərində test imtahanı keçirilib. İmtahan
elektron formada 1 saat müddətində aparılıb və namizədlərə
biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan
vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar.
Nəticələr həmçinin DİM-in saytında yerləşdiriləcək.

Trend xəbər
verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahanda iştirak etmək üçün 1683 namizəd
qeydiyyatdan keçib. Onlardan 1593 namizəd imtahana gəlib. İmtahan
nəticələrinə əsasən, 1074 namizəd tələb olunan şərtləri ödəyərək
uğur qazanıb.




Bir namizədin üzərində mobil telefon aşkar edildiyi üçün
imtahandan xaric olunub və nəticələri ləğv olunub.

İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və
avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ
hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın
proqramını əhatə edən 20 test tapşırığı təqdim edilib. 10 və daha
çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar
və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim
ediləcəkdir. Şəhadətnamələrin verilmə tarixləri barədə əlavə
məlumat veriləcək.

Qeyd edək ki, imtahan nəticələri ilə bağlı Apellyasiya
Komissiyası 26 və 27 yanvar tarixlərində saat 14:00-dan 17:00-dək
Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət
göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən
Əliyev küçəsi, 299.