Sahibə Qafarova İspaniya Krallığı Deputatlar Konqresinin sədri ilə görüşdü

Baş səhifə

Bakı. Trend:

Yanvarın 23-də ölkəmizdə rəsmi səfərdə olan İspaniya Krallığı
Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosiasın başçılıq
etdiyi nümayəndə heyəti Milli Məclisə gəlib.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, qonaqlar parlamentin plenar iclas zalı ilə
tanışlıqdan sonra Milli Məclisdə Heydər Əliyev Muzeyində olublar,
Fransina Armenqol burada Xatirə kitabını imzalayıb.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova və İspaniya Krallığı
Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosiasın başçılıq
etdiyi nümayəndə heyəti arasında geniş tərkibdə görüş olub.

Görüşdə bu səfərin İspaniya parlament sədrinin Azərbaycana ilk
səfəri kimi xüsusi əhəmiyyəti vurğulanıb. Bildirilib ki, Azərbaycan
Milli Məclisi sədrinin 2025-ci ilin mayında İspaniya Krallığına ilk
rəsmi səfərindən sonra həyata keçirilən bu səfərİspaniya ilə
Azərbaycan arasında parlamentlərarası əlaqələrin inkişafına
göstərilən diqqətin bariz nümunəsidir. Söhbət zamanı bu səfərin həm
parlamentlərimiz arasında, həm də ölkələrimiz arasında əməkdaşlıq
əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminlik ifadə
olunub.

Qeyd edilib ki, xüsusən son dövrlərdə ölkələrimiz arasında fəal
siyasi dialoqun müşahidə olunması çox mühüm məqamdır. Belə ki,
İspaniyanın Baş naziri cənab Pedro Sançezin 2024-cü ilin noyabrında
COP29 tədbiri çərçivəsində ölkəmizə işgüzar səfəri zamanı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşdə
əlaqələrin genişləndirilməsi üçün bir sıra mühüm birgə
təşəbbüslərin həyata keçirilməsinə dair razılıq əldə olunub. Bu
dialoqun davam etdirilməsi, qarşılıqlı səfərlərin və görüşlərin
həyata keçirilməsi bizə imkan verəcək ki, birgə səylərimizlə
əlaqələrimizi daha da inkişaf etdirək.

Görüşdə ikitərəfli əməkdaşlığın inkişafını təşviq etmək üçün iki
ölkə arasındakı müqavilə-hüquq bazanın genişləndirilməsi,
ölkələrimiz arasında münasibətlərdə iqtisadi əməkdaşlığın rolu,
İspaniya şirkətlərinin Azərbaycanda fəaliyyəti, bərpa olunan
enerji, təhsil, elm, mədəniyyət sahələrində əməkdaşlığın əhəmiyyəti
barədə fikir mübadiləsi aparılıb.

Parlamentlərarası əməkdaşlığın mühüm rolundan danışan Milli
Məclisin sədri parlamentlərimiz arasında əlaqələrin inkişafında
qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib, Azərbaycan
parlamentində Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə
işçi qrupunun fəaliyyətini vurğulayıb.




Milli Məclisin sədri qonağa Azərbaycanın Avropaya bərpaolunan
enerji resurslarının ixracı istiqamətində həyata keçirdiyi
layihələr, Azərbaycanın hazırda Orta Dəhlizdə tranzit ölkə kimi
mühüm rolu, Azərbaycanla Ermənistan arasında sülh prosesinin gedişi
barədə məlumat verib.

Spiker Sahibə Qafarova qeyd edib ki, ötən ilin avqustunda
Vaşinqton Zirvə Görüşündən sonra Azərbaycanla Ermənistan arasında
de fakto sülh bölgəmizdəki reallıqları tamamilə dəyişdirib.
Azərbaycan və Prezident İlham Əliyev bölgəmizdəki bu tamamilə yeni
sülh və təhlükəsizlik reallığının müəllifidir. Milli Məclisin sədri
Vaşinqtonda sülh müqaviləsinin paraflanmasından sonra tezliklə iki
ölkə arasında sülh müqaviləsinin imzalanacağına inamını ifadə
edib.

Azərbaycanda səfərdə olmaqdan məmnunluğunu bildirən İspaniya
Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosias
Bakıda ziyarət etdiyi Zəfər Muzeyi və ölkəmizdə gördüyü inkişaf
barədə təəssüratlarını bölüşüb.

O, İspaniyanın Azərbaycanın suverenliyini dəstəklədiyini və
onunla müxtəlif sahələrdə əməkdaşlığın inkişafında maraqlı olduğunu
diqqətə çatdırıb.

Parlament sədri ölkələrimiz arasında iqtisadi sahədə mövcud olan
münasibətlərin, o cümlədən enerji sektorunda əməkdaşlığın önəmindən
danışıb, ispan şirkətlərinin Azərbaycanda fəaliyyətinin daha da
genişləndirilməsinə hazır olduqlarını qeyd edib.

Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişaf
perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında da fikir mübadiləsi aparılıb.

Görüşdən sonra qonaqlar Milli Məclisin foyesində yaradılmış və
44 günlük Vətən müharibəsinə həsr edilmiş “Zəfər guşəsi” ilə tanış
olublar.