Bakı. Trend:
Naməlum şəxslər Niderlandın Dusburq şəhərində Böyük kilsənin
binasında yerləşən gümüş muzeyini qarət ediblər.
Trend bu barədə
“Omroep Gelderland” yayım korporasiyasına istinadən xəbər
verir.
Məlumata görə, muzeydən 300-dən çox gümüş əşya oğurlanıb, dəymiş
zərər onminlərlə avro dəyərində qiymətləndirilir. Qarət yanvarın
21-nə keçən gecə baş verib. Oğrular iki qapını sındıraraq muzey
binasına daxil olublar.
Bildirilir ki, ekspozisiya videomüşahidə sistemi və
siqnalizasiya ilə təchiz olunmuş ayrıca zalda yerləşib. Lakin
cinayətkarlar içəri daxil olan kimi siqnalizasiyanı sıradan
çıxarıb, müşahidə kameralarını isə dərhal məhv ediblər. Muzey
rəhbərliyinin açıqlamasına görə, bütün gümüş eksponatlar oğurlanıb,
ümumilikdə 14 vitrin sındırılıb və onların içindəki əşyalar
aparılıb.

