Ceyhun Bayramovun NATO Baş katibinin müavini Radmila Şekerinska ilə görüşdü

Baş səhifə

Bakı. Trend:

22 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov NATO Baş katibinin müavini Radmila
Şekerinskanı qəbul edib.

Trend xəbər
verir ki, bu barədə Xarici işlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Azərbaycan ilə NATO arasında
tərəfdaşlıq çərçivəsində mövcud əməkdaşlıq gündəliyi və
perspektivləri, tərəfdaşlıq mexanizmləri çərçivəsində görülən
işlər, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri
müzakirə olunub.

Tərəflər Azərbaycanla NATO arasında əməkdaşlığın əhəmiyyətini
qeyd edərək, mövcud tərəfdaşlıq çərçivəsində həyata keçirilən
dialoq və qarşılıqlı fəaliyyətin regional təhlükəsizliyə müsbət
töhfə verdiyini bildiriblər. Azərbaycanla NATO arasında
minasızlaşdırma, kiber təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq
imkanları nəzərdən keçirilib.

Ölkəmizin NATO-nun sülhə dəstək üzrə əməliyyat və missiyalarında
iştirak təcrübəsi, Əfqanıstanda proseslərə yaxından dəstəyi,
müdafiə sahəsində islahatlar, uyarlılığın təmin olunması sahəsində
görülən işlər təqdir olunub. Ötən ilin noyabr ayında NATO üzv
ölkələrinin daimi nümayəndələrindən ibarət missiyanın ölkəmizə
səfəri məmnunluqla xatırlanıb.

Görüş zamanı, həmçinin Azərbaycan-Ermənistan normallaşma
prosesi, regionda dayanıqlı və qalıcı sülhün təmin olunması
istiqamətində həyata keçirilən diplomatik səylər və
etimad-quruculuğu tədbirləri, 8 avqust Vaşinqton sammiti
çərçivəsində əldə olunmuş razılaşmalar və sülh perspektivləri,
habelə regional nəqliyyat və bağlantı layihələri barədə məlumat
verilib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və
regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.