
Bakı. Trend:
Ermənistan və Azərbaycanın enerji sistemləri bir-birinə “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) layihəsi
çərçivəsində qoşulacaq.
Trend xəbər verir ki, bunu
Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün parlamentdə hökumət
saatında bildirib.
“Bəli, mütləq və qeyd-şərtsiz olaraq, Ermənistan və Azərbaycanın
enerji sistemləri bir-biri ilə əlaqəli olacaq və ixrac və idxal
imkanlarından bərabər şərtlərlə qarşılıqlı şəkildə faydalanacaq”, –
deyə o bildirib.
Bundan əvvəl Paşinyan Azərbaycanla sülh sayəsində Ermənistanda
dizel yanacağının qiymətlərinin endirildiyini elan etmişdi.
Xatırladaq ki, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan
Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan
ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar.
Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur
dəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur.
Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh və
Dövlətlərarası Münasibətlər haqqında” Sazişi paraflayıblar.


