Bakı. Trend:
“SOCAR Karbamid” zavodunun ilk hədəfi daxili tələbatı
ödəməkdir.
Trend xəbər
verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid
Zavodunun direktoru Kutay Durna zavodun Dünya İqtisadi Forumunun “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul olunması münasibətilə keçirilən
tədbirdə bildirib.
O vurğulayıb ki, karbamidin dünya bazarında qızıl, neft kimi
qiymətləri var: “Bu qiymət həftəlik, gündəlik dəyişir. Məsələn,
Misirdə, Səudiyyə Ərəbistanında, Türkiyədə və ya Avropa ölkələrində
onun qiyməti təxminən 400 dollardır. Bununla bağlı yeganə
müəyyənləşdirici amil logistika xərcləridir. Əgər məhsulu sata
bilmədiyimiz bir dövr olarsa, logistika xərclərini də qəbul edərək
digər ölkələrə də göndərə bilərik. Keyfiyyətlə bağlı heç bir
problem yoxdur. Çünki biz normal ümumi karbamid qiymətinə nisbətən,
sırf bu keyfiyyətinə görə onu 10-20 dollar daha baha satdığımız
vaxtlar olur”.
Direktorun sözlərinə görə, zavodun birinci hədəfi ilk növbədə
daxili bazarı ödəməkdir: “Yəni daxili bazardakı bütün fermerləri
təmin etdikdən sonra 85-90%-lik yerdə qalan hissəni ixrac edirik.
Hədəfimiz maksimum güclə istehsal etməkdir ki, müştəriyə də mal
verə bilək. Bir sözlə, nə qədər istehsal ediriksə, hamısını sata
bilirik. Yəni bizim sata bilməməklə bağlı problemimiz yoxdur.
Maksimum güclə istehsal etdiyimiz təqdirdə hamısını sata
bilirik”.

