MM-in komitə sədri: Son yeddi ildə ölkədə sosial müavinət və təqaüdlərin məbləği 5 dəfə artıb

Baş səhifə

2018-2025 ci illər ərzində minimum pensiya 2,9 dəfə, orta aylıq pensiya 2,6 dəfə, sosial müavinət və təqaüdlərin məbləği 5 dəfə, ünvanlı dövlət sosial yardımının məbləği 2,4 dəfə artıb.

“Report” xəbər verir ki, bununla bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin bugünkü iclasında deyib.

O qeyd edib ki, 2026-cı ilin büdcəsində sosial xərclər (təhsil, səhiyyə və sosial təminat daxil olmaqla) üçün ümumilikdə 17,1 milyard manat nəzərdə tutulur:

“Bu, ümumi büdcə xərclərinin təxminən 41%-ni təşkil edir. Əmək pensiyalarının orta aylıq məbləği 2025-ci ildə 540 manat təşkil etmişdir, 2026-cı ildə isə 590, manat olacağı nəzərdə tutulur. Bi il yaşa görə pensiyanın orta aylıq məbləğinin ötən ildəki 576 manatdan 53 manat artaraq 629 manata yüksəlməsi proqnozlaşdırılır”.

Komitə sədri vurğulayıb ki, əvvəlki illərdə olduğu kimi cari ildə də əvəzetmə əmsalı, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əmək haqqı məbləğinə nisbəti 50,4% olmaqla Beynəlxalq Əmək Təşkilatının sosial təminatın minimum normaları haqqında müvafiq konvensiyasına cavab verəcək:

“Bu il aktiv sosial müdafiə tədbbirlərinin daha da genişlənməsi nəzərdə tutulur. İSF-nin 2026- cı ildə büdcə xərclərinin 77 milyon manatı, yaxud 28,9%-i özünüməşğulluq tədbirlərinin maliyyələşməsinə yönəldiləcək. 2026-cı ildə İSF hesabına 8 min nəfərin (Dünya Bankı ilə nəzərdə tutulan müqaviləyə görə isə əlavə olaraq, 7 min nəfər) özünüməşğulluq proqramına qoşulması nəzərdə tutulur. Bununla da 2017-ci ildən 2026-cı il daxil olmaqla özünüməşğulluq proqramı ilə əhatə olunacaq şəxslərin sayı 110 min nəfərdən çox olacaq”.

M. Quliyev əlavə edib ki, Böyük Qayıdışın təmin olunması və daha geniş miqyasda davam etdirilməsi məqsədi ilə proqram başlayandan dövlət büdcəsindən 25 milyard manata yaxın vəsait ayrılıb:

“Hazırda 70 mindən artıq soydaşımız Qarabağ və Şərqi Zəngəzurun 40 a yaxın şəhər, qəsəbə və kəndində məskunlaşıb orada yaşayır və işləyir”.