Bakı. Trend:
Təhsil müəssisəsi bağlanıbsa attestat almaq üçün müvafiq
Regional Təhsil İdarəsinə müraciət edilir. Məktəb bağlandıqdan
sonra təhsil sənədlərinin hansı arxivdə saxlanıldığı barədə məlumat
əldə olunur və attestatın verilməsi üçün müvafiq tədbirlər
görülür.
Bu barədə Trend-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət
Agentliyindən məlumat verilib.
Bildirilib ki, aralıq imtahanlarından (eksternat) keçən şəxslər
ümumi orta və ya tam orta təhsil haqqında sənəd almaq üçün
buraxılış imtahanlarında iştirak etmək hüququ əldə edirlər.
Buraxılış imtahanlarında müsbət nəticə göstərən şəxslərə attestat
onların siyahıya daxil edildiyi məktəb tərəfindən təqdim
olunur.
Ümumi orta təhsil səviyyəsi üzrə attestat almaq üçün müraciət
edən şəxsin yaşı ən azı 16 olmalıdır. Tam orta təhsil səviyyəsi
üzrə attestat almaq üçün isə müraciət edən şəxsin yaşı 18-dən aşağı
olmamalıdır.
Eksternat imtahanında iştirak etmədən birbaşa attestat almaq
mümkün deyil. Müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil
səviyyəsini vaxtında başa vurmamış şəxslər attestat almaq üçün ilk
növbədə eksternat (aralıq) imtahanlarında iştirak etməlidirlər.
Əgər şəxsin qeydiyyatda olduğu və faktiki yaşadığı yer oxuduğu
məktəbin yerləşdiyi regiondan fərqlidirsə, bu zaman yaşadığı ərazi
üzrə arayış təqdim etməklə həmin regionun müəyyən etdiyi təhsil
müəssisəsində imtahan verə bilər.
Qeyd edək ki, 31 yanvar 2026-cı il tarixində ölkə üzrə eksternat
qaydada imtahanlar təşkil ediləcək.

