Bu gün Azərbaycan xalqı 20 Yanvar faciəsinin ildönümünü yad edir. 36 il bundan öncə müstəqillik və azadlıq uğrunda ayağa qalxan xalqımız Sovet İttifaqı rəhbərliyinin amansız reaksiyası ilə üzləşdi. Bakıya yeridilən Qırmızı Ordu öz vətəndaşlarına divan tutaraq yüzlərlə azərbaycanlını qətlə yetirdi, yaraladı və həbs etdi.
Modern.az günümüzün partiya sədrlərindən 36 il öncə baş verənlər haqqında xatirələrini soruşub. Onların cavabını təqdim edirik.
Vətəndaş Həmrəyli Partiyasının sədri Sabir Rüstəmxanlı: “20 Yanvar bütün faciələri, itkiləri, Azərbaycanda gedən xalqın demokratik mübarizəsinin təxminən iki ildə irəliləməsi ilə bərabər tariximizin qəhrəmanlıq səhifəsidir. Mənim təkcə o barikadalara, insanların küçələrə yığılmağına filana münasibətim ayrıdır, fərqlidir. Amma o artıq heç bir təşviqatdan asılı olmayaraq xalq özü bu haqsızlığa dözməyib yolları bağlamağa gəlirdi.

Çünki Moskva davamlı olaraq ermənilərə tərəfdarlıq edirdi və ordunu Qarabağın dağlıq hissəsindəki ermənilərin üzərinə yeritmək əvəzinə əslində dinc Bakıya yeridirdi. O vaxt belə bir şayiələr vardı ki, Bakıda poqrom, ermənilərə qarşı təzyiqlər var və sair. Yəni bütövlükdə yanlışdır bu hərəkət. İkinci Dünya Müharibəsində SSRİ-i öz nefti ilə xilas edən Bakı elə faşizmə məruz qalan, faşizmin üstünə yeriyən ordu ilə üz-üzə qalmışdı.
Buna görə də Moskvanın bəhanəsi məlum idi ki, guya SSRİ-nin sərhədləri dağılır, Bakıda silahlı müqavimət var və ondan sonra qanuni hökumət dəyişdirilir. Elə bu bəhanələrlə ordu Bakıya yeridildi. Həmin axşam Milli Məclis yığıldı. Mən həmin gün yaradılan Araşdırma Komissiyasının üzvü idim. Həmin gündən başlayaraq, aylarla baş verənləri araşdırmaqla məşğul oldu.
İştirakçıların çoxu dindirildi. Ordunu Bakıdan kimlərin dəvət etdiyini, bu məsələyə razılıq verənlərin kimlər olduğunu – hamısını araşdırdıq. Sonra bu sənədlər nedənsə üzə çıxmadı. Heydər Əliyev hakimiyyətə gələndən sonra yenidən bu məsələ araşdırıldı. Bir sözlə, zaman keçir, amma bu faciə unudulmur. Rus ordusu bizim milləti söyə-söyə Bakıya girirdi, aralarında ermənilər də vardı. “Qırın bu türkləri”, – deyə tanklar Bakı küçələrində şütüyürdü. İndi bütün bunlardan sonra təzədən Bakıda rus, Moskva heyranlığını və bir gün dalınca açılan rus məktəblərini görəndə heyrətə gəlirəm. Bizdəki bu unutqanlıq mənə ağır gəlir”.

Azad Vətən Partiyasının sədri Akif Nağı saytımıza açıqlamasında bildirib ki, həmin vaxtda barikadalardan birinə rəhbərlik edib: “Həmin vaxt Əhmədli qəsəbəsində məşhur bir yataqxanada yaşayırdım. 18 yanvar axşamı yataqxananın qabağına bir avtobus gəldi və barikadaya gedəcəklərini elan etdilər. Dedim, siz gedin, özümüz gələrik. Zığ şosesində, dənizdən çıxan yerdə barikadanın qurulmasını təşkil etdik. Mən yataqxana şurasının sədri idim. Elxan Nuriyev də mənim müavinim idi. İkimiz bir yerdə otaqları gəzdik. Yataqxanada 300 ailə yaşayırdı, hər kəsi bir yerdə barikadaya getməyə dəvət etdik. 45 nəfəri siyahıya aldıq, daha sonra 18-dən 19-na keçən gecə səhərə qədər orada gözlədik.
Səhər dincəldik. Hamı işinin dalınca getdi. Sabah axşam yenə 45 nəfər bir yerdə getdik. Barikadaya mən rəhbərlik etdim. Səhərə qədər orada qaldıq. Saat 12:00-da məlumatlar gəlirdi ki, dağılışın, adamları öldürürlər, sizə də xəsarət yetirərlər. Çünki dənizdən Zığ şosesinə çıxış mümkün variantlardan biri idi. Biz də səhərə qədər dayanacağımızı dedik.
Səhərə yaxın altının yarısında radioda müraciəti dinlədik. Bakının küçələrinin qan içərisində olduğunu deyirdilər. Bundan sonra fikirləşdik ki, qalaq, yoxsa gedək? Bir 15 nəfər qalmışdı, qalanları dağılmışdı. Dedim, gözləyək, hava işıqlansın. Elxan Nuriyev dedi ki, adamları biz çıxartmışıq, məsuliyyət daşıyırıq, gedək”.

Real Partiyasının sədri Natiq Cəfərli hadisələr zamanı 17 yaşında olsa da, müəyyən hadisələrin şahidi olub:
“20 Yanvar faciəsi zamanı Alatavada böyümüşəm, Salyan kazarmalarının düz yanında, o zaman tələbə idik və aktiv rol alan insanlar arasındaydıq. 20 Yanvar günü Salyan kazarmasının yanında olduğumuz üçün axşam saatlarında 11–12-yə işləmiş valideynlərim gəlib evə çağırdılar ki, yemək ye. Hadisələr başlayanda evdə idim. Evimiz Salyan kazarmalarından 500–600 metr aralıdır. Hadisələr başlayanda küçəyə qaçdım. Yerə yatan insanlar vardı. Səhv etmirəmsə, Adil adında bir şəxs əlindən yaralanmışdı. Onu evə gətirdim, əlini-qolunu sarıdıq. Sonra qonşuların da böyük insanların yardımı ilə xəstəxanaya çatdırıblar. Yəni yaddaşlarda həkk olunan bir gün idi mənim üçün. Amma bu günü yalnız faciə kimi dəyərləndirməyin də artıq əleyhinəyəm. Vaxt keçib, Allah şəhidlərimizə rəhmət eləsin, onlar azadlıq və müstəqillik uğrunda şəhid oldular. Bunu faciə günü kimi yox, həm də qəhrəmanlıq səlnaməsi kimi Azərbaycan tarixində yer almasının tərəfdarıyam. Bu həm də obrazlı desək, Azərbaycan xalqına vaksin oldu ki, Rusiyadan, rus imperiyasından nə qədər uzaq olsaq, bir o qədər yaxşıdır”.

Ümid Partiyasının sədri İqbal Ağazadə hadisələr zamanı tələbəı hərəkaı içərisində olduğunu qeyd edib:
“Mən 1990-cı ildə Bakıda tələbəydim. 18 yanvarda Qarabağa getmək barədə düşünürdük. Könüllü dəstələr şəklində Qarabağa getməliydik. Amma Bakıda baş verən fövqəladə vəziyyət və digər məsələlər bu prosesləri yarımçıq saxladı. Gecə təxminən 20:30-da televiziya bloku partladıldı, gecəyə doğru mən Nərimanovda, keçmiş Moskva, indiki Heydər Əliyev prospektində idik. Orada baş verənləri də gördük. Sabah indiki Prezident Administrasiyasının, o vaxtkı Mərkəzi Komitənin binası önündə toplaşdıq. Yanvarın 22-də Azadlıq meydanında dəfn günü oldu, oradan da dəfnə getdik. Dəfndən sonra valideynlərimizin yaşadığı Füzuli rayonuna getdim. Baş verən proseslərin içərisində idik, tələbə hərəkatının içərisində idik. Hadisələri kənardan eşitmədik. Əksinə, daha çox bizdən nə baş verdiyini eşidirdilər”.

Ağ Partiyanın sədri Tural Abbaslı:
“20 Yanvarda haradasa 8–9 yaşım vardı. Ailəmiz siyasi baxımdan aktiv idi, anam da, atam da meydanda iştirak edirdilər, bacardıqları qədər bazarlıq edir, yemək bişirib aparırdılar. Sahil metrosu tərəfdə Cəbhənin mitinqlərinə bizi də aparırdılar. Uşaqlıqdan proseslərin içərisində olmuşuq. Məhz 19 yanvardan 20-nə keçən gecə Kubinka deyilən ərazidə yaşayırdıq. Orada axşam oyanmamışıq. Qardaş-bacı idik. Valideynlərimiz güllə səslərini eşidiblər, çölə çıxmayıblar. Bizim məhləyə yanan güllələr düşüb, qonşular oyaq qalıblar. Səhər isə yadımdadır, valideynlərimiz bizim də əlimizdən tutub şəhərə çıxdıq. İnsanlarda bizi öldürəcəklər, aparacaqlar deyə bir qorxu yox idi. Rus əsgərlərinin geyimləri, silahları hələ də yadımızdadır, onların düzüldüyü cərgənin qarşısından gedirdik. Şəhərdə baş verənlərə baxdıq, sonra da evə qayıtdıq. Uşağından böyüyünə qədər pioner olanlar qalstuklarını atırdı, oktyabriat Leninin uşaqlıq şəkli olan ulduzları atıb ayaqlayırdıq. Belə dönəmlər idi. Həmin dönəmlərdə Qarabağ müharibəsi vardı, qarışıq dönəmlər idi. Ancaq bir şey dəqiq yadımdadır ki, heç kəs qorxmurdu. Hamı sabaha ümidlə baxır, daha yaxşı, daha gözəl olacağına inanırdı”.


