
Bakı. Trend:
Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç qiyabi olaraq 15 il
müddətinə azadlıqdan məhrum edilib. O, torpaq sahələrinin qanunsuz
mənimsənilməsində təqsirli bilinib.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu haqda Ukraynanın Xüsusi
Anti-Korrupsiya Prokurorluğu rəsmi “Telegram” kanalında məlumat
yayıb.
“Məhkəmənin hökmü ilə sabiq prezident Kiyev vilayətinin
Suxolutski kənd soveti ərazisində yerləşən, sahəsi 17,5 hektar olan
və təxmini dəyəri 22 milyon qrivnadan artıq olan meşə fonduna aid
torpaq sahəsinin mənimsənilməsində təqsirli bilinib”,- məlumatda
qeyd olunur.
Bu əməl Ukrayna Cinayət Məcəlləsinin 191-ci maddəsinin 5-ci
hissəsində nəzərdə tutulan cinayət tərkibini təşkil edir. Ona 15 il
müddətinə azadlıqdan məhrumetmə cəzası, dövlət hakimiyyəti və yerli
özünüidarəetmə orqanlarında, həmçinin təşkilati-sərəncamverici və
ya inzibati-təsərrüfat funksiyalarının icrası ilə bağlı qurum və
təşkilatlarda vəzifə tutmaq və ya xüsusi səlahiyyətlə bu
funksiyaları yerinə yetirmək hüququndan üç il müddətinə məhrumetmə,
eləcə də ona mülkiyyət hüququ əsasında məxsus bütün əmlakın
müsadirəsi tətbiq edilib.
Məhkəmənin hökmü elan edildiyi gündən etibarən apellyasiya
qaydasında şikayət verilmədiyi halda, otuz gün sonra qanuni qüvvəyə
minəcək.


