
Bakı. Trend:
Azərbaycan Respublikası tərəfindən Ukraynaya humanitar yardım
məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət
növbəti yük Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola
salınıb.
Trend
Energetika Nazirliyinə istinadən xəbər verir ki, yardımın
göndərilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
2026-cı il 16 yanvar tarixli Sərəncamına əsasən Energetika
Nazirliyi tərəfindən təmin edilib.
Humanitar yükün tərkibinə ümumilikdə 12 ədəd alçaq gərginlik
paneli, 11 ədəd generator, 5 ədəd transformator və 27,000 metr
kabel və naqil daxildir.
Ukrayna tərəfinin müraciəti əsasında təşkil edilən yardımın
ümumi dəyəri 1 milyon ABŞ dollarıdır.
Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik
təchizatı ilə bağlı humanitar yardımlar göndərib.
Ölkəmizin Ukraynaya göstərdiyi ümumi humanitar dəstək, o
cümlədən bərpa və yenidənqurma yönümlü yardımların ümumi dəyəri
artıq 45 milyon ABŞ dollarını keçib.


