
Bakı. Trend:
“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqibi “Ayntraxt
Frankfurt”da kadr dəyişiklikləri davam edir.
Trend-in klubun
rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Dino
Topmöllerin istefasından sonra klub rəhbərliyi onun köməkçiləri ilə
də yollarını ayırmaq qərarına gəlib.
Stefan Buk, Nelson da Silva Morqado və Haver Zembrodlanın
qarşılıqlı razılıq əsasında vəzifələrindən ayrıldığı bildirilib.
Topmöllerin məşqçilər heyətindən yalnız Yan Visser klubda
qalıb.
Qeyd olunur ki, Frankfurt təmsilçisindən ayrılan məşqçilər ötən
mövsüm “Ayntraxt”ın Bundesliqada üçüncü yeri tutaraq Avropa
Liqasının dörddəbir finalına yüksəldiyi mövsümdə komandanın uğuruna
mühüm töhfə veriblər.
Xatırladaq ki, hazırda “Ayntraxt Frankfurt”a müvəqqəti olaraq
ehtiyat komandanın baş məşqçisi Dennis Şmitt rəhbərlik edir.
UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində “Qarabağ”
və “Ayntraxt Frankfurt” komandaları arasında oyun yanvarın 21-də
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Qarşılaşma
Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.


