
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen İn Ryonson Maşınqayırma Birliyinin yenidən qurulması və modernləşdirilməsinin birinci mərhələsinin başa çatması münasibətilə keçirilən mərasimdə baş nazirin müavini Yan Sın Honu vəzifəsindən azad edib.
“Report”un məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.
Tədbirdə çıxış edən Kim Çen İnin sözlərinə görə, modernləşdirmənin birinci mərhələsi məsuliyyətsiz, kobud və bacarıqsız rəhbər işçilər ucbatından yaranan lüzumsuz süni xaosla üzləşib ki, bu da çətinliklərə və xeyli iqtisadi ziyana səbəb olub.
O qeyd edib ki, bəzi rəhbərlər ölkə sənayesinin bütövlükdə nizama salınmasına və texniki yenidən qurulmasına hazır deyil. O, məğlubiyyətə, məsuliyyətsizliyə və passivliyə çoxdan alışmış şəxslərə güvənməyi dayandırmağa çağırıb. Bu sözlərdən sonra Kim Çen İn baş nazirin müavini Yan Sın Honu “arabaya qoşulmuş keçi”yə bənzədərək elə oradaca vəzifəsindən azad edib. Bununla belə, ölkə lideri onun antipartiya hərəkətlərinə yol verdiyini düşünmədiyini, söhbətin daha çox təsadüfi kadr səhvindən getdiyini bildirib.
KMTA-nın məlumatında deyilir ki, mərasim iştirakçıları Kim Çen İnə tam dəstəklərini ifadə ediblər. Bundan sonra baş nazir Pak Taə Son tikintinin başa çatması şərəfinə rəmzi lenti kəsib, ölkə lideri isə Ryonson Maşınqayırma Birliyi ilə tanış olub. O vurğulayıb ki, müəssisə modernləşdirmə yolunda böyük addım atıb və bununla da müstəqil iqtisadiyyatın əsaslarını möhkəmləndirib.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


